Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
24.12.2022 - 19:52
Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ

“Birlikdə yaxşı mövsüm keçirdik. Daim bizimlə maraqlandınız. Təriflər, tənqidlər oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

O, Misli Premyer Liqasının XVIII turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: “Neçə oyun idi ki, azarkeşlər bir qədər az idi. Bu gün onlar da bizlərləydilər. Azarkeşlərə stadionda olmaq yaraşır. Stadionda onları görmək xoş oldu. Futbolçularımı təbrik edirəm. İlin sonu olsa da, bu oyunda istək və konsentrasiya çox vacib idi. İlk dəqiqələrdən sona qədər bunu qoruyub-saxlaya bildilər. Hər şeyi etdilər. Mahmud Qurbanova və komandasına uğurlar arzulayıram”.

- Fasiləyə lider kimi yollandınız. Hansı məqamlar sizi razı və ya narazı saldı? 
- Onları bir-bir burada söyləmək mənim üçün asan olmaz. Gərək geriyə qayıdım, hansısa oyunu, nəticəni düşünüm ki, nə vaxt necə oldu. Amma yanvardan bu günə qədər futbolçularımın çıxışından razı qaldım. Çox möhtəşəm il keçirdilər, istəkli kollektiv gördüm. Təbii ki, arada bəzi oyunları çıxmaq şərtilə. Həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün çox yaxşı performans göstərdik.

- Qışda komandadan ayrılacaq futbolçu olacaq? 
- Hələ ki, belə oyunçu yoxdur.

- Ramil Şeydayev bu il 65-ci oyununa çıxdı. Ondan belə performans gözləyirdiz?
- Gözləyirdim. Çünki ona inanaraq, güvənərək komandaya götürmüşəm. Ramil yükləmələri qəbul edəcək orqanizmə sahibdir. Ümumi oyun baxımından xeyli irəliləyiş var. İnanırdım və ona görə onu çox matçda start heyətində meydana buraxırdım. Buna ancaq sevinirəm. Amma o, durmalı deyil, daha bacarıqlı və istəkli olmalıdır.

- Konfrans Liqasındakı rəqibiniz "Gent" haqda məlumat toplamağa başlamısız, yoxsa hələ tezdir? 
- Məlumatım var. Oyunlarını da izləmişəm. Amma hələ qarşıda çox vaxt var. Ola bilər ki, bizimlə matça qədər oyun sistemlərində ümumi dəyişikliklər olsun. Ancaq onlar haqda məlumatlıyam. Qarşıdakı vaxtlarda “Gent”lə daha yaxından tanış olacağıq.

writer photo
Əlirza Əlirzalı
0