“Səbail”in kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunun "Qəbələ" ilə ilk yarımfinal oyununda 2:3 hesabı ilə məğlub oldunuz. Qarşılaşma ilə bağlı fikirləriniz necədir?
- Kubok və çempionat oyunları tam fərqlidir. Bakıda yaxşı hazırlaşıb, Qəbələyə getmişdik. İstəyirdik ki, yaxşı nəticə əldə edək. Düzdür, 2:3 pis hesab deyil. Evdə də oyunumuz qalıb. 2:0 hesabı ilə öndə olduğumuz matçı sonda 2:3 hesabı uduzmaq adama pis təsir edir. Lakin ev oyununda nəticəni dəyişmək mümkündür.
- Maraqlıdır ki, oyundan əvvəlki heyətinizə baxanların çoxu "Səbail"in "Qəbələ"yə hətta böyük hesabla uduzacağını ehtimal edirdi. Matçdan əvvəl siz nə düşünürdüz?
- Dəyişikliklər çox oldu. Çoxdan oynamayan uşaqlar oynadı. Bəlkə də, ona görə də bəziləri fikirləşirdi ki, böyük hesabla uduzacağıq. İki-üç gündən bir oyunlar olduğuna görə baş məşqçi belə addım atıb. Rotasiyalar lazım idi. Çempionatda da vəziyyətimiz yaxşı deyil, xal ehtiyatımızı artırmalıyıq. Kubokda da finala çıxmaq istəyirik. Buna uyğun rotasiyalar edilir. Tez-tez oyun olduğu üçün futbolçularda yorğunluq hiss edilir. Bu mənada, dəyişikliklərin edilməsi doğru addım idi. İki gündən sonra "Neftçi"yə qarşı ağır oyuna çıxacağıq.
- Nə baş verdi ki, komanda 2:0 öndə olduğu görüşü 2:3 uduzdu?
- Fasilədən sonra iki qol buraxdıq. "Qəbələ"nin zəif və güclü cəhətlərini də bilirdik. Çalışırdıq ki, onları əks-hücumda tutaq. İlk yarıda bunu edə bildik. İkinci hissədə də epizodlarımız oldu, istifadə edə bilmədik. "Qəbələ"nin fərdi keyfiyyətləri üstün olan oyunçuları var. Onların qarşısını almaq çətin oldu. İkinci yarıda bizdə yorğunluq da vardı. Bu da normaldır. Çünki heyətdə çoxdan oynamayanlar var idi. Həm də, süni örtüklü meydandan sonra təbii örtükdə oynamaq çətin olur. Ona görə də, ikinci yarı bizim üçün ağır keçdi.
- Demək olar ki, "Səbail" üçün kubok önəmli olmadığı üçün oyuna əsas, döyüşkən və aparıcı oyunçularla çıxmadı?
- Xeyr, qətiyyən belə şey yoxdur ki, "Səbail"ə kubok lazım deyil, ancaq çempionatı düşünürük. Çünki bura qədər əziyyət çəkib gəlmişik, finalın bir addımlığındayıq. Niyə kuboku istəməyək? Bizə həm kubok lazımdır, həm də Premyer Liqada qalmaq. Hazırkı vəziyyətdən çıxmaq istəyirik. Həm kubokda, həm də çempionatda sona qədər ən yaxşısını etməyə çalışacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Üç gündən bir oyun olur, rotasiyalar lazım idi. Süni örtükdən təbii örtüyə keçmək, sonra yenidən süni örtükdə oynamaq əlavə yükləmədir.
- Səncə, Bakıda "Qəbələ"ni məğlub edib finala adlaya biləcəksiz?
- "Qəbələ" çox yaxşı komandadır. Evdə də çətin olacaq. Amma geridönüş etmək üçün gücümüz var. İstədiyimiz nəticəni əldə edəcək gücdəyik.
- "Səbail"in Premyer Liqadan birinci diviziona düşməməsi, yoxsa kubokda finala çıxması və ya onu qazanması önəmlidir?
- Çempionatda da vəziyyətimiz yaxşı deyil. Onu düzəltməliyik. Premyer Liqada qalıb, kuboku da ala bilsəydik, çox yaxşı olardı. Ancaq yüksək liqada qalmaq daha önəmlidir. Çünki birinci diviziona düşmək istəmirik. Hər iki cəbhədə sona qədər vuruşacağıq. İnanıram ki, istədiyimizə çatacağıq.