Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
16.11.2023 - 14:33
Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə

Azərbaycan millisində kapitan sarğısı daşımış Rail Məlikovun apasport.az saytına müsahibəsi

- Millimiz bu gün İsveçlə oyuna çıxacaq. Bu matçla bağlı düşüncələriniz necədir?
- Əvvəla, milli komandamıza uğurlar arzulayıram. Dəqiq olan odur ki, maraqlı oyun izləyəcəyik. İsveç millisinin qrupdan çıxmaq şansı yoxdur. Amma hər halda, onlar da bu matça prestij oyunu kimi baxırlar. Rəqibin qrupdan çıxmaq şansı oldu və ya olmadı – fərqi yoxdur, sona qədər mübarizə aparacaqlar, çünki söhbət milli komandadan gedir. Fikrimcə, görüş maraqlı keçəcək.

- Bu gün millinin İsveçdən xal alacağına inanırsız?
- Əlbəttə, inanıram. Həmişə demişəm, yenə də deyirəm, millidən həmişə evdə xal gözləmək lazımdır. Allah qoysa, millimizdəkilər də bunu başa düşər ki, azarkeşləri sevindirmək, onları qələbələrlə tribunalara cəlb etmək lazımdır. Bu gün İsveçdən xal alacağımıza çox inanıram. Ümidvaram ki, bu reallaşacaq.

-Hər halda, sizin də dediyiniz kimi, İsveçin qrupdan çıxmaq şansı yoxdur. Səfərdə də rəqibə böyük hesabla uduzmuşduq. Bu iki fakt millimiz üçün motivasiya olar?
-Doğma meydanda oynayırıq. Milli üçün ən böyük motivasiya elə doğma divarlar arasında oynamaqdır.  İsveç millisinin qrupdan çıxmaq şansı qalmasa da, onların Bakıda bizə asan təslim olacağına inanmıram. Bayaq dediyim kimi, rəqib prestij üçün oynayacaq. “Onlardan asan xal almaq olar” düşüncəsi konkret yanlışdır.

-Milli komandamızın heyətini görmüsünüz. Sizcə, milliyə köməyi dəyəcək hansısa futbolçu var idi ki, kənarda qaldı? 
-Dəvət olunanlar aşağı-yuxarı eyni futbolçulardır. Ən pikdə olan futbolçular millidədir. Sadəcə, Bəxtiyar Həsənalızadənin dəvət edilməməsini qeyd edərdim. Çünki Türkiyədə daim oynayır, yaxşı da durumdadır. Onunla yanaşı, “Sumqayıt”da çox yaxşı performans nümayiş etdirən Murad Xaçayevi də cəlb etmək mümkün idi. Çox istəyərdim ki, o da milli komandamıza dəvət olunsun. Dediyim iki futbolçu da yaxşı oyun göstərirlər. Bəxtiyarla Muradı çıxsaq, elə ən idealları yığmaya çağırılıb. 

-Milli qrupdakı çıxışını İsveç və Belçika ilə görüşlərdən sonra başa vuracaq. Ümumilikdə bu iki oyundan gözləntiniz nədir?
-İki oyuna üç xal gözləyirəm. Keçən dəfə Avstriya və Estoniya oyunlarından qabaq da belə demişdim. Bəziləri bildirdi ki, üç xalı çox demisən, bir xal olardı. Ancaq inanırdım, dörd xal da deyə bilərdim. Millimiz evdə yaxşı oyun göstərir, həm də komandamız yaxşı formadadır. İndi də, İsveç və Belçika görüşlərindən minimum bir, belə də üç xal götürə bilərik. Millimizə çox inanıram.

-Qarşıdakı iki oyun Canni De Byazinin milli komandamızdakı taleyini həll edəcək, yoxsa sizcə istənilən halda onunla yollar ayrılmalıdır?
-Əslində, bu mövzu ilə bağlı çox tez-tez mübahisələr olur ki, De Byazi qalsın, yoxsa getsin? Hər halda, bu oyunlardan sonra necə olacağı görünəcək. Amma De Byazini göndərib əvəzinə yeni xarici məşqçi gətirəcəyiksə, elə italiyalının millimizdə qalması məsləhətdir. Yox, əgər milli yerli baş məşqçiyə tapşırılacaqsa, onda bu haqda fikirləşmək olar. Lakin sırf olaraq, Canni De Byazi ilə yollar ayrılacaq, ya yox, bu haqda bir söz deyə bilməyəcəm. Zamanla hər şeyi görəcəyik.

writer photo
Əlirza Əlirzalı
0