Ralf Ranqnikin Azərbaycanla oyun üçün arzusu
22.11.2022 - 09:47
Ralf Ranqnikin Azərbaycanla oyun üçün arzusu

“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik deyib.

Almaniyalı mütəxəssis qrupda əsas rəqiblərinin Belçika və İsveç olacağını və onlarla başabaş mübarizə aparmağa çalışacaqlarını söyləyib: “Hər kəsi heyətimizə qatdıqda və İtaliyaya qarşı (2:0) matçdakı cəsarətli oyunu sərgilədikdə qrupumuzdakı güclü rəqiblərlə yarışmaq şansımız olacaq. Həmin güclülər Belçika və İsveçdir. Onlarla oyunlar çox vacibdir”.

64 yaşlı çalışdırıcı İtaliya ilə Vyanadakı “Ernst Happel” stadionunda keçirilən görüşdə azarkeş marağının azlığından da şikayətlənib. O, qrup matçlarındakı ev oyunlarını daha çox azarkeşin toplaşacağı arenada keçirmək istədiyini vurğulayıb: “İtaliya ilə görüşə 18 min tamaşaçı gəlmişdi. Qrup oyunlarını daha çox biletin satılacağı stadionda keçirmək istəyirik”.

Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində ilk iki oyununu martın 24-də Azərbaycan, 27-də isə Estoniyaya qarşı evdə keçirəcək. Hər iki qarşılaşmanın 20 min tamaşaçı tutumuna malik olan Linsdəki yeni tikilən stadionda baş tutması gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0