Ramalinqom: “Bombardirlik yarışından danışırıqsa, məncə, Juninyo...” - Müsahibə
20.02.2024 - 20:36
Ramalinqom: “Bombardirlik yarışından danışırıqsa, məncə, Juninyo...” - Müsahibə

“Səbail”in forvardı, Premyer Liqanın 23-cü turunun “Araz-Naxçıvan”la görüşündə iki qol vuran Aleksandr Ramalinqom apasport.az saytına müsahibə verib.

- “Araz Naxçıvan”la görüş sizin üçün neçə alındı? Səncə, qələbəni əldən verdiniz, yoxsa bir xalı qazandınız?
- Çox maraqlı və son saniyəyə qədər gərgin görüş getdi. Məncə, bu matçda qələbə qazana bilərdik. Amma etiraf edim ki, məğlub olmaq təhlükəmiz də var idi. Çox yaxşı oyun idi. Hər iki tərəf yaxşı oynadı. Qələbəyə həm biz, həm də rəqib yaxın oldu. Hər halda, sonda matç bərabərliklə başa çatdı.

- Bu oyunda iki qol vurmağı bacardın. Özünəinam tam olaraq yerinə gəlib? 
- Özünəinamım yaxşı səviyyədədir. Hər zaman da özümə çox güvənirəm. Komandamızdakı atmosfer də əladır. Bir-birimizə hər zaman dəstək oluruq, inanırıq. Ona görə də, matçlarda yaxşı birlik nümayiş etdiririk. Çalışacağıq ki, növbəti görüşlərdə uğurlu nəticə qazanaq.

- Bombardirlər siyahısında ikinci yerdəsən. Birinci yerdə “Qarabağ”ın hücumçusu Juninyo yer alıb. Onunla mübarizədə birinci yer tuta bilərsən? 
- Mən bu cür olacağını düşünmürəm. Düzü, mən bu haqda da heç çox fikirləşmirəm. Komandamın uğurları üçün çalışıram. Ancaq sırf bombardirlik yarışından danışırıqsa, məncə, Juninyonun mövsümü bombardir kimi başa vurmaq üçün üstünlüyü daha çoxdur. Çünki “Qarabağ” da çox qol vurur. Hər oyunda qol vurmaq üçün çoxlu sayda imkanları olur. Bu Juninyonun özünə əlavə üstünlük qazandırır.

- “Səbail” hazırda 5-ci pillədədir. “Araz-Naxçıvan”a qalib gəlsəydiniz, ikinci pilləyə yüksələ bilərdiniz... 
- Bəli, biz bu görüşdə qələbə qazana bilmədiyimizə görə məyus olduq. Amma futbol belə oyundur. Qələbə qazanmaq üçün hər şeyi edirsiniz, amma bəzən alınmır. Bu dəfə də belə oldu. 

- “Səbail”in real gücü çempionatda hansı nəticəni göstərməyə imkan verir? Avrokuboklar realdır? 
- Bəli, biz çempionatı mümkün qədər yüksək pillədə bitirmək istəyirik. Çox matç qalıb və onların bir çoxunu qazanmaq üçün hər şeyi edəcəyik. Necə alınacağını zaman göstərəcək. 

- “Səbail”in bu mövsüm məğlub etdiyi “Qarabağ” avrokuboklarda uğurlu çıxış edir. “Braqa”nı məğlub etdilər. Bu haqda fikrin necədir?
- “Qarabağ”ın avrokuboklarda göstərdiyi nəticələr, uğurlar Azərbaycan futbolu üçün çox yaxşıdır. Onların nəticələri də, burada futbolun yuxarı səviyyədə olmasını göstərir. Azərbaycan Premyer Liqası həqiqətən yaxşı səviyyədədir. “Qarabağ” ilk görüşdə “Braqa”ya qalib gəlib. Onları təbrik edirəm. Ümid edirəm ki, “Qarabağ” Bakıda da lazımı nəticəni qazanaraq mərhələ adlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0