Bu gün 1-ci Liqada 26-cı turunda "Qaradağ Lökbatan" doğma meydanda "Şamaxı"ya 2:3 uduzub.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ramiz Məmmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Gərgin və xoş oyuna görə "Qaradağ Lökbatan"a, hakimlərə, oyunu gözəl təşkil edən AFFA-ya təşəkkür edirəm. Azarkeşlərin hamısı dincələ bildi.
- "Şamaxı" 55-ci dəqiqədən sonra müdafiədə olundu. Səbəb nə idi?
- Bizə çempionluq lazımdır. Ən gözəl oyun oynamışıq, qol da vura bilməmişik, matç heç-heçə başa çatıb. Oyunu yaxşı və ya pis oynamağınız deyil, tarixdə qalan nəticədir.
- Fasilədə nə etdiz?
- Lazım olan sözləri uşaqlara dedik. Komanda bura qələbə üçün gəlmişdi. Beş-altı həftə əvvəl də demişdim ki, komandama inanıram, lider ola bilərik. Bu gün də "Şamaxı" ortaya xarakter qoydu. Biz sadəcə olaraq, arxayınçılıqdan xallar itirmişik.
- Həm siz, həm də "Qaradağ Lökbatan"ın baş məşqçisi, vaxtı ilə rəhbərliyiniz altında oynamış Azər Haşımov Mingəçevirdəndir. Bu mənada, oyunda bu prinsipiallıq da var idi?
- Azər mənim kiçik qardaşımdır, əzizimdir, mərifətli insandır. Azərbaycan futbolunda da hər zaman öz dəst-xətti ilə seçilən futbolçu olub. Bu gün də həmin böyük və kiçik qardaşlığımız yerində qaldı. Azərə, klubun prezidenti Sadıq Sadıqova, hamıya təşəkkür edirəm.
- Son turda evdə "Araz-Saatlı" ilə evdə oynayacaqsız. Bu görüşlə bağlı nə düşünürsüz
- Biz hələ çempion olmamışıq. Yalnız qələbə haqda düşünürük. Bugünkü matç qızıl oyun idi. Amma çempionluq Saatlıdakı görüşdə həll olunacaq.
- Rəqibiniz autsayder olsa da, evdə "İmişli"ni məğlub etdi...
- Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Zəif komanda yoxdur.
- Bu oyunda VAR var idi, son turda da VAR-ın təşkilini PFL-dən istəyəcəksiz?
- Əlbəttə ki, olsa, lap yaxşı.
- Müraciət edəcəksiz?
- Lazım gələrsə, bəli. Əgər etsələr, sağolsunlar.
- Premyer Liqadakı iştirakla bağlı barədə rəhbərliklə hər hansı söhbətiniz olub?
- Bir az olub. Amma ətraflı mövsüm bitdikdən sonra olacaq. Çünki biz hələ ki, çempion deyilik. Sadəcə olaraq, müvəqqəti liderliyə yüksəlmişik. "Araz-Saatlı"ya qalib gəldikdən sonra bu haqda rəhbərliklə ətraflı danışacağıq.