Rauf Əliyev: "Qarabağ" Avropada niyə də finala qalmasın?!" - Müsahibə
19.02.2024 - 20:03
Rauf Əliyev: "Qarabağ" Avropada niyə də finala qalmasın?!" - Müsahibə

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ"ın "Braqa"ya 4:2 hesabı ilə qalib gəlməsini necə dəyərləndirirsən? Səncə, bu oyundakı parlaq qələbə nəyin sayəsində gerçəkləşdi?
- Hesabın belə olması "Qarabağ"ın düzgün oynaması, rəqibi düzgün analiz etməsi, oyuna çox ciddi yanaşmasından irəli gəlirdi. Komandadakı istək də yüksək idi. Bunu oyunun ilk dəqiqələrindən görmək mümkün idi. Özü də, "Qarabağ" qol epizodlarından çox yaxşı istifadə etdi. Onun da nəticəsində böyük hesablı qələbə qazana bildilər. Buna görə "Qarabağ"ı təbrik edirəm. Çox maraqlı və əla da oyun alındı.

- Rəqibin "Qarabağ"a qeyri-ciddi yanaşması mümkün idi?
- Xeyr. Fikrimcə, "Braqa" "Qarabağ"a qeyri-ciddi yanaşmadı. Bilirsiz, "Qarabağ" özü də böyük klubdur, avrokuboklarda onları ciddi rəqib kimi qəbul edirlər. "Qarabağ" çox keyfiyyətli oyunçulara sahibdir. Onların hamısının ustalıq səviyyəsi yüksəkdir. Bütün bunların fonunda klubumuz bu qələbəni qazana bildi. Rəqibin qeyri-ciddi yanaşdığını düşünmürəm. Sadəcə, "Qarabağ" bu görüşdə çox əla oyun nümayiş etdirdi.

- 1:4 və 2:4 arasında, səncə, çox fərq var, yoxsa hər ikisi cavab görüşü öncəsi etibarlı nəticədir? Hər halda, "Qarabağ" sonuncu qolu buraxmasa idi, Bakıdakı matça 3 top fərqlə çıxacaqdı...
- Təbii ki, 1:4 daha yaxşı nəticə idi. Çünki qarşıda cavab oyunu var. Hər halda, rəqib 2:4-dən sonra bir az istəkli olacaq. Bakıdakı bir qol onları hardasa ümidləndirəcək. Amma 1:4 olsaydı, tam fərqli alınardı. Yəni, Bakıda "Qarabağ"ın qarşısında sönük rəqib olardı. Bugünkü gündə heç kim inanmırdı ki, "Qarabağ" Braqa səfərindən belə qələbə ilə qayıdar. Hər halda, bu da yaxşı nəticədir. İnanıram ki, "Qarabağ" bu hesabı, üstünlüyü əldən verməz. Yenə də qalib gəlməyə çalışacaqlar. Əminəm ki, Bakıdakı oyuna da çox diqqətli və yaxşı hazırlaşacaqlar.

- "Qarabağ" növbəti mərhələyə adlamaq məsələsinin öhdəsindən böyük ölçüdə gəlmiş oldu? Səncə, bu artıq reallaşdı?
- Səfərdə nə qədər də, yaxşı nəticə qeydə alınsa belə, inanmıram ki, "Qarabağ" rahatlaşsın, arxayınlaşssın. Əminəm ki, Bakıdakı görüşə də ilk oyun kimi hazırlaşacaqlar. Çünki "Braqa"nın vuracağı bir qol işləri çətinləşdirə bilər. Ona görə də, tələsməmək lazımdır. "Qarabağ"da isə onsuz da arxayınlaşmaq olmur. Onlar işlərinə daim ciddi yanaşırlar. Cavab matçını gözləyək, Allah qoysa, həmin matçda da uğurlu nəticə qazanarıq.

- Bəs, necə ehtimal edirsən, "Qarabağ" Bakıdakı matçda hansı oyuna üstünlük verəcək, daha çox ehtiyat edəcəklər, yoxsa elə xoşbəxtliyi rəqib qapısı tərəfdə axtaracaqlar?
- İndidən hansı oyunu seçəcəyini demək çətindir. Ancaq ilk oyundakı belə hesablardan sonra adətən, komandalar daha çox ehtiyat edir, rəqibi əks-hücumda tutmağa çalışır. Çünki rəqibin itirəcəyi bir şey olmur, daha çox hücuma aludə olur. Belədə, rəqib müdafiədə boşluqlar verir, onlardan da istifadə etmək mümkündür. Bu gedişat "Qarabağ"ın xeyrinə ola bilər. Çünki komandamız əks-hücumda da effektli oynaya bilir. "Qarabağ" rəqibi Bakıda daha çox əks-hücumda tutacaq. İnanıram ki, hər şey onların ürəyincə olacaq.

- Vaxtilə "Dnepr" heç kimin gözləmədiyi halda, Avropa Liqasında finala qədər irəliləmişdi. "Qarabağ"ın da "Dnepr"in nəticəsini təkrarlamaq və onlar kimi sürpriz etmək ehtimalı var?
- Əlbəttə, Azərbaycan xalqı, futbol ictimaiyyəti, azarkeşlər istəyər ki, "Qarabağ" nə qədər bacarırsa, irəli getsin. "Qarabağ" bunu da bacaracaq komandadır. Daim uğurlu nəticələri ilə hamını sevindirib. Niyə də olmasın? "Qarabağ" niyə də daha da irəli getməsin? Allah qoysa, bunu da edərlər. Ən yaxşı nəticələri qazanarlar. Bu potensialı komandada görürəm. Həqiqətən də çox yaxşı komandamız var. Əminəm ki, "Qarabağ" ən uğurlu nəticələr üçün əlindən gələni edəcək. "Braqa"ya qarşı matç göstərdi ki, "Qarabağ" yüksək səviyyəli futbol oynayır.

writer photo
Əlirza Əlirzalı
0