Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- "Qarabağ"a futbol akademiyasının məşqçisi kimi qayıdacağınız barədə xəbərlər doğrudur?
- İndidən bu haqda danışmaq istəməzdim. Doğrudur, belə məsələ var. Lakin hələ ki, heç nə dəqiq deyil. Ona görə, nəsə demək istəmirəm.
- Sabiq komandanız "Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda "Linkoln"a 4:0 qalib gəldi. Yəqin ki, nəticə gözlənilməz deyildi?
- Təbii ki, gözlənilməz olmadı. Çünki "Qarabağ" onlardan güclü olduğunu göstərmişdi. İlk oyunda da "Qarabağ" güclü idi. Sadəcə toplanışdan sonra ilk matça çıxmışdılar, hava isti idi, meydança yaxşı deyildi. Yol yorğunluğunu da nəzərə almaq lazımdır. Bütün bu çətinliklərə baxmayaraq, qalib gəlmişdilər. Ona görə cavab matçında da qalib gələcəklərini ehtimal edirdim.
- Oyun sarıdan necə, "Qarabağ" Bakıda adət oyununu göstərə bildi?
- "Qarabağ" istədiyi nəticəni əldə edərək mərhələni adladı. Özü də, yaxşı oyun sərgilədi, bolqollu nəticə ilə hamını sevindirdi. Doğrudur ,"Linkoln" o gücdə deyildi ki, "Qarabağ"a qarşı mübarizə apara bilsin. Amma son ana qədər rəqib də mübarizə apardı. "Qarabağ" isə boşalmadı və 4:0 kimi çox layiqli qələbə qazandı.
- Növbəti mərhələdəki rəqib isə "Linkoln"dan daha güclü olan "Rakuv"dur. Polşa çempionunu keçmək mümkün olacaq?
- Təbii ki, "Rakuv" "Linkoln"dan daha güclüdür. Bunu hamımız bilirik. Lakin məncə, "Qarabağ" istədiyi kimi oynaya bilsə, "Rakuv" səddini də keçəcək. "Qarabağ"ı ikinci mərhələyə çıxması münasibətilə təbrik edirəm və "Rakuv"la matçda da onlara uğurlar arzulayıram.
- Sizcə, heyət "Qarabağ"ın ÇL-in qrupuna qədər getməsinə imkan verir, yoxsa güclənmək lazımdır?
- “Qarabağ” yaxşı heyətə malikdir. Transferləri də var. İnanıram ki, “Qarabağ” qruplara düşəcək. Hər halda, transfer lazım olub-olmadığını məşqçilər korpusu daha yaxşı bilir. Amma məncə, heyət yaxşıdır. Lakin heyətin geniş olması hər zaman daha yaxşıdır.
- Yeri gəlmişkən, sizcə, nəyə görə "Çaveş"dən transfer edilən Juninyo Vieyranı hələ də, meydanda görmürük?
- Bunları əlbəttə ki, Qurban Qurbanov hamımızdan daha yaxşı bilir. Amma hər halda, Juninyo idman formasından uzaqdır deyə, belə qərar verilib. Yaxşı vəziyyətdə olacağı təqdirdə, öz yerini meydanda alacaq. Amma yenə deyirəm, ən yaxşısını məşqçilər korpusu bilər.
- Polşa mətbuatı "Qarabağ"ın bu ölkə klubları üzərindəki üstünlüyünü tez-tez önə çıxarır. Sizcə, bu, "Qarabağ" üçün psixoloji üstünlük yaradır?
- Hər halda, "Qarabağ"ı çox yaxşı tanıyırlar. Daha çox mübarizə aparıb əzmkarlıq göstərəcəklər. Amma mən "Qarabağ"a çox inanıram. Fikrimcə, istədikləri nəticəni öz oyunları ilə qazana bilərlər.
- Elə "Qarabağ"ın Polşa klubları üzərində qazandıqları qələbələrin birində siz də iştirak etmisiz. "Visla"nı həm Bakıda, həm də səfərdə məğlub etmişdiniz...
- Bəli, xatırlayıram. Çox yaxşı oyunlar olmuşdu. Dediyiniz kimi, səfərdə də, evdə də qələbə qazanmağı bacardıq. Hər iki görüş də çətin keçmişdi. Özünüz də bilirsiz ki, Polşa klubları da çox əzmkar, bərk olurlar. Ümidvaram ki, "Qarabağ" "Rakuv" səddini də keçəcək və öz hədəfləri uğrunda yoluna davam edəcək.