"Qarabağ"ın sabiq forvardı Raydel Pupon apasport.az saytına açıqlama verib.
Ağdam klubunun niderlandlı keçmiş hücumçusu Azərbaycan çempionunun bu gün Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”ə qarşı keçiriləcək matçda şanslarını dəyərləndirib:
"Qarabağ"ın avrokuboklardakı çıxışları çox yaxşıdır. Bu mərhələyə qədər gəlib çıxıblar, onlara ancaq afərin demək olar. Çox güclü komandalara qarşı olduqca yaxşı mübarizə apardılar. “Bayer”ə qarşı ilk matçdakı əla mübarizəni də gördüm. Həqiqətən də yaxşı oynadılar və qələbəyə daha çox layiq idilər. Cavab görüşündə də şansları olacaq. İlk matçında çox yaxşı oynayan “Qarabağ” Leverkuzendə də uğurlu çıxış edə bilər. Onlara inanıram. İntizamlı və bəlli strategiyası olan komandadır. Ümid edirəm ki, Leverkuzendəki matçda da “Qarabağ” uğurlu nəticə qazanaraq ¼ final mərhələsinə vəsiqə qazanacaq. Həqiqətən də möhtəşəm nəticə olardı. Onsuz da, bura qədər gəlib çıxmaqları da gözəl nəticədir".
Xatırladaq ki, 36 yaşlı hücumçu 2015-ci ildə Fransanın “Valensyen” klubundan ayrılaraq “Qarabağ”a keçmişdi. O, 2016-cı ildə Ağdam klubunu tərk edərək “Roda” ilə anlaşmışdı.