Regekampf: "Bu gün bizim günümüz də deyildi" - MÜSAHİBƏ
10.02.2023 - 17:08
Regekampf: "Bu gün bizim günümüz də deyildi" - MÜSAHİBƏ

“Epizodlarımız oldu. Yaratdığımız imkanlardan yararlanmalıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XXII turunun “Qəbələ” ilə səfər matçından sonra fikirlərini mətbuat konfransında açıqlayıb: “Belə havada meydan yaxşı vəziyyətdə idi. Buna görə “Qəbələ” əməkdaşlarına təşəkkür edirəm. Komandam futbol oynamaq istəyirdi. Bu cür şəraitdə, bu cür hakimliklə oynamaq asan deyil. Düşünürəm ki, hər iki komanda futbol göstərməyə çalışdı. Ancaq 90 dəqiqədən sonra ən neqativ hal bugünkü hakimlik idi. Düşünmürəm ki, o, bu gün lazım olan yerdə idi".

- Ümumilikdə, yoxsa bugünkü hakimlik?
- Hakimlik haqda heç vaxt danışmıram. Matçdan sonra onunla danışmağa cəhd etdim. O, dialoqa girmək istəmədi. Mənə irad bildirdi ki, futbol oynamaq lazımdır. Mən ona cavab olaraq dedim ki, sən bizə imkan yaratmalısan. Hər dəqiqə oyunu saxlayırdı. Çoxlu səhvlər etdi. Penalti verdi, heç onu görməmişdi. Düşünürəm ki, hakim penalti qərarı verirsə, ən azından 50 faiz əmin olmalıdır. O epizodda 4-5 dəqiqə oyunu saxladılar. Sonda isə 4 dəqiqə əlavə edildi. Halbuki 4 dəqiqənin dəqiqəyarımında "Qəbələ"nin oyunçuları yerdə qalmışdı. Bu cür şəraitdə oynamaq asan deyil. Ona görə hakim haqda danışdım. Oyundan sonra onunla danışmaq istədim, amma istəmədi.

- Qeyri-stabilliyin səbəbi nədir? Güc yoxdur, yoxsa necə?
- Biz qollar vurmalıyıq. Daha çox fərqlənməliyik. Kifayət qədər də şanslarımız olur.

- Futbolçular bacarıqsızdır?
- Oyunçuların bacarığından söhbət getmir. Hər yaratdığımız şansa 100 faiz yanaşmırıq. Topasahib olma bizdə olur, oyunu idarə edirik, amma sonda qol vurmalıyıq. Bu gün də 2-3 epizod var idi ki, ikinci yarıda yararlana bilmədik. Daha sadə oynasaydıq, asanlıqla qola yaxınlaşardıq. Amma həmişə də oyun dayanır, uzanır epizod, epizodu çətinləşdiririk. Bizim bu oyuna hazırlığımızın taktikası ondan ibarət idi ki, rəqibi öndə sıxaq. Hətta ilk hissəyə baxsaz, irəlidə sıxırdıq, "Qəbələ" uzun ötürmələrlə çıxırdılar. Biz onlara topu verdikdən sonra təhlükəli olurdular. Epizod var idi ki, Solomon topu uzaqlaşdırmaq istəyəndə rəqibə verdi və hücum yarandı. Bu gün bizim günümüz də deyildi. Əminəm ki, bir qol vursaydıq, rəqib oyunu açacaqdı və bizim üçün daha asan olacaqdı.

- “Neftçi”yə niyə rumıniyalı oyunçular gətirmirsiz?
- Mən burada oyunçu gətirən deyiləm, gəlmişəm ki, komandanı məşq etdirim. Skautlarımız var və bu yöndə çalışırlar. Onlar mənə hansısa rumıniyalı təklif etsələr, yaxşı oyunçu olsa, niyə də yox?

- Sizin futbolçu seçmək səlahiyyətiniz yoxdur?
- Səhv başa düşdünüz. Oyunçunu mən seçirəm. Amma skautlarla bərabər.

- Bəs niyə rumıniyalı oyunçu seçmirsiz?
- Çünki təklif olunmayıb.

- Sabah "Qarabağ" - "Sabah" görüşü keçiriləcək. Hansı nəticə sizin üçün maraqlıdır?
- Mənim üçün vacib olan öz komandamdır. Bizə vacib amil hər oyunda qalib gəlməkdir. İrəlidə olan komandaların nəticələri mənim üçün o qədər də önəmli deyil.

Qeyd edək ki, Qəbələdəki qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0