"Nəticəyə görə çox sevinirəm. Sevinirəm ki, kiçik problemləri olan oyunçular bizə qoşulub. Yeni oyunçuların da oyunundan razı qaldım. Bilirik ki, oyundan-oyuna daha yaxşı olmalıyıq. Bundan sonrakı oyundan sonra demişdim ki, toplanışda zədəlilərimiz çox idi. İmkanımız olmadı ki, bütün komanda ilə birlikdə hazırlıq keçək, yoxlama görüşü oynayaq. Bu gün qazandığımız 3 xal çox vacibdir. "Zirə" bizdən 10 xal geridədir. Növbəti oyunlara köklənməliyik".
Apasport.az-ın xəbərinə görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf deyib. O, Premyer Liqanın XX turu çərçivəsində "Bakcell Arena"da "Zirə"yə 1:0 qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
– Emin Mahmudovun ətrafında çox söz-söhbətlər gəzir. Komandadan ayrılacağı deyilir, hətta bilərəkdən oynamadığı iddia edilir. Onunla bağlı durum nə yerdədir?
– Razı deyiləm. Fanatların dediyi məsələyə şərh verə bilmərəm. Onlar fanatdır, nə hiss edirlərsə, deyə bilərlər. Öz tərəfimdən deyə bilərəm ki, Emin nümunədir, "Neftçi"nin oyunçusudur, komandanın və millinin kapitanıdır. Bizim üçün yaxşı oynayır, çox vacib futbolçudur. Öz tərəfimdən və rəhbərlik tərəfindən lazımı olan addımlar atılır ki, Eminlə yaydan sonra da davam edilsin. O bizim üçün vacib oyunçudur.
– "Neftçi" ikinci pilləni tuta biləcək?
– Hə desəm, inanacaqsınız? Bütün dünyada olduğu kimi, burada da belədir. Fanatların dediyi, yazdıqlarına şərh verməyəcəyəm. Qalib gələndə fanat sevinir, uduzanda üzülürlər. Əlimizdən gələni edəcəyik. Sonda da necə olacağı görəcəyik.
– Mövsümün əvvəlində 4 oyunluq qələbə seriyası var idi. Sonradan uğursuzluq oldu. Bugünkü qələbə yeni seriyanın başlanğıcıdır? Stabillik üçün nə lazımdır?
– Stabilliyi qoruyub-saxlamaq üçün oyunçular lazımdır. Bir də davamlılıq. Eyni oyunçular 3-5 oyun bir yerdə oynasınlar. Eyni anda da ehtiyat skamya yaxşı oyunçulardan ibarət olmalıdır. Çünki hər oyunda 5-6 futbolçu əvəzedici heyətdən gəlir. Oynayan futbolçuların məşqdə rəqibi, əzmkar məşqləri olmalıdır. Onda inkişaf gedər və oyunda daha yaxşı olarlar. Çalışırıq ki, bunu edək.
– 3 oyunçu getdi, 3-ü gəldi. Halbuki heyətin genişləndiriləcəyini gözləyirdik...
– Biz də eyni anda gözləmirdik ki, Qodsvey Donyo və Yusuf Lavalı itirəcəyik. Planlarımıza daxil deyildi. Bizim planda var idi ki, qışda komandaya yeni oyunçular cəlb edək. Sizə deyəndə ki, davamlılıq lazımdır, transferləri də nəzərdə tuturam. Gələn oyunçular də ən azından 1 il komandada oynamalıdır, çempionatı bilməlidirlər. 4-6 ay oynayıb getmək yaxşı hal deyil. Bu biz tərəfdən olan məsələ deyil. Laval yaydan müqavilə imzalamışdı. Donyo da qalmaq istəmədi. Onları saxlaya bilməzdim. Təsəvvür edin ki, heyətdə Laval və Lebon eyni mövqeni bölüşürlər, rəqabət olardı. Eyni anda Donyonu həm hücumda, həm də sağ cinahda oynadırdıq. Qalması bizim üçün də yaxşı idi. Bunun üzərində işləyirik. Birini də gətirəcəyik. Amma elə də asan deyil.
– Cəmi 1 oyunçu gəlir. Yalnız 1 oyunçu ilə kifayətlənəcəksiniz?
– Qışda nə qədər oyunçu gətirmək olar? Müdafiəçi, hücumçu, vinqer də gətirdik. Düşünməyin ki, arxamızda qızıl bank var. Bizim müəyyən büdcəmiz var, müəyyən qaydalar olur. İstəyirik ki, hər ay komandada olanlar maaşını alsın. Söhbət tək futbol komandasından getmir. "Neftçi" adı böyükdür, istəyirik ki, hamı xoşbəxt olsun. Çalışırıq, ən yaxşısını etmək istəyirik. Amma bəlli büdcəmiz var. Futbol kənardan başqa cür görünə bilər ki, "Neftçi" niyə oyunçu gətirmir, niyə güclənmir? Heç də asan deyil.