Reqekampf: "Mən Emin Mahmudovun sahibi deyiləm"
20.12.2022 - 22:09
Reqekampf: "Mən Emin Mahmudovun sahibi deyiləm"

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" – "Zirə" oyunundan (3:1) sonra meydan sahiblərinin baş məşqçisi Laurentsiu Reqekampf mətbuat konfransına çıxıb.

Apasport.az-ın məlumatına görə, rumıniyalı məşqçi əvvəlcə oyun barədə fikirlərini bildirib:

– Biz tərəfdən mükəmməl oyun oldu. Oyunçularım nə tapşırıq vermişdimsə, yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq, "Zirə"nin qapımıza yaxınlaşmamasına çalışdıq. Ona görə oyunçulara tapşırmışdım ki, ikinci topları qazanaq. Analizdən sonra gördüm ki, onlar çox top itirir. Bununla da şansımız çox olacaq ki, qol vuraq. Demək olar ki, ilk hissədə oynadığımız oyunun əksini oynadıq. Oyun bizim nəzarətimizdə olduğu zaman ilk matçda əks-hücumdan qol buraxmışdıq. Bu gün fərqli oynamağa qərar verdim. Ola bilsin ki, fanatlar üçün gözəgəlimli oyun olmadı. Amam bizim bugünkü oyunda məqsədimiz o deyildi.

– "Neftçi" sanki ən yaxşı oyununu oynadı. Halbuki itkiləriniz var idi. Sizcə, buna qədər niyə mükəmməl oynaya bilmirdiniz?
– Geridə qalan mövsümü analiz etmək lazımdır. Bu günə qədər olan mövsüm üçün çoxlu suallar yaranır. Mövsümün qalan hissəsində oyunumuzu düzəldib, daha yaxşı başlamalıyıq. Mənə elə gəlir ki, bu gün oyunçularım mübarizə apardı, döyüşdülər, göstərdilər ki, qalib gəlmək istəyirlər. Hər oyunda bunu etmək istəyirik, amma belə alınmır. Ona görə deyirəm ki, mövsümün qalan hissəsinə baxmalıyq, nə çatışmadığını görməliyik. Bundan sonra qərar verməliyik ki, hansı istiqamətə getməliyik.

– "Neftçi" kubokda favorit sayılır. Çünki "Sabah" və "Qarabağ" yoxdur. İlk titul qazanmaq yolunuzu necə dəyərləndirirsiniz?
– Bu il məqsədimiz kuboku qazanmaqdır. Əlbəttə ki, o demək deyil ki, çempionat oyunlarında dayanacağıq. Daha yaxşı olmaq istəyirik. Düşünürəm ki, bu il mövsümü titulla başa vurmaq üçün ən qısa yol kubok qazanmaqdır.

– Mamadu Mbodju yola saldınız. Nə baş verdi ki, onu yola saldınız?
– Məsələnin nə olduğunu dəqiq bilmirsiniz. Ona görə düşünürsünüz ki, 2 oyun qalmış getdi. Aramızda heç bir problem yox idi. Hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verildi. Ona uğurlar arzulamaq istəyirəm.

– Yerli gəncləri meydana daxil edib, sonradan meydandan çıxaranda onlara təsir edir. Ağadadaş Salyanskidə də bu baş verdi. Onu necə hazırlayacaqsınız?
– Bu mənim işimdir. Ona görə mənə maaş verirlər. Bu gün kubok oyunu idi. Oyunçunun marağına nəzər yetirmirdik. Təzyiq böyük idi. Həmin an o qərarı verməli oldum ki, komandaya xeyirli olsun. Gənc oyunçular dərk etməlidilər ki, əsas komanda əsas komandadır. Mənim üçün yaş önəmli deyil. İstəyirəm ki, hər bir futbolçu meydana daxil olanda uğurlu nəticələr əldə etsin. Mənim üçün bütün oyunçular eynidir, fərqləndirmirəm. Düşünmürəm ki, ona psixoloji təsir etsin.

– Yeqor Boqomolskini tez-tez start heyətində oynatmaq lazım deyil?
– Onun özündən asılıdır. Bu cür oyunlar nümayiş etdirəndən sonra start heyətində meydana çıxmağa layiq olacaq. Hər gün hər oyunçu üçün çağırışdır.

– Rumıniya mətbuatı sizinlə bağlı məlumat paylaşıb ki, "Universitatya"ya (Krayova) gedir, klub prezidenti ilə razılaşmısınız...
– Sizə bundan əvvəlki vaxtlarda da demişəm ki, bu cür söz-söhbət nə vaxtsa başa çatacaq. Buradayam, müqaviləm var. 

– Niyə belə söz-söhbətlər çıxır?
– Yazılanlar mənə təsir edə bilməz. Azərbaycan mətbuatında da "Buqatti" məsələsi çıxmışdı. Sizin hamınızın hüququ istədiklərinizi yazmaqdır. Bu cür şeyləri şərh etmədən keçirəm.

– Demisiniz ki, hara getsəm, Emin Mahmudovu özümlə aparacağam. Belə söz demisiniz?
– Mən bu cür deməmişəm. Eminin də sahibi deyiləm. O, "Neftçi"nin oyunçusudur. O da özü-özünün sahibidir. Bəli, onu futbolçu kimi bəyənirəm. Bu cür söz deyə bilmərəm. Siz yaxşı bilirsiniz ki, transferlər media yolu ilə olmur. Bu cür söhbətlər çıxanda heç vaxt heç nə baş vermir.

writer photo
Əlirza Əlirzalı
0