Rəşad Sadıqov: "Bu söhbət 96-97-ci illərdə qaldı"
01.04.2023 - 22:08
Rəşad Sadıqov: "Bu söhbət 96-97-ci illərdə qaldı"

"Çox hərəkətli və dinamik oyun oldu. Matçda çoxlu qol epizodları var idi. Amma hər 2 komanda qolu standart vəziyyətdən sonra vurdu. Oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik, 3 xal qazanmaq istəyirdik. Nəticə baxımından məğlub olsaq da, bu mövsüm "Neftçi"yə qarşı oyunlarımız yaxşı alınırdı. 1 xal da bizim üçün pis nəticə sayılmır".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXVIII turunun "Neftçi" ilə oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

– Turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandalar üzərində qələbəniz yoxdur. Bu nə ilə bağlıdır?
– Bu haqda özüm də düşünmüşəm. Həmin komandalara qarşı oyunlarımız pis alınmayıb. "Qəbələ" ilə matçda qələbəyə layiq idik, "Sabah"a uduzduğumuz oyunu pis keçirmədik. 2 olmayan vəziyyətdən qol vurdular. "Qarabağ"a qarşı evdəki oyunumuz çox yaxşı keçirdi, son dəqiqələrdə avtoqolla məğlub olduq. "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduğumuz görüşdə qələbəyə çox yaxın idik, yetərincə qol vəziyyətlərimiz oldu. Xüsuslilə bu matçlarda oyun planı baxımından problem olmur, amma nəticə baxımından problem yaşayırıq. Son zərbələrdə, son ötürmələrdə ciddi problemimiz olur. Bugünkü qarşılaşmada 7-ci dəqiqəyə kimi hesab 3:1, 4:1 ola bilərdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Qapıçı İvan Brkiçin də ustalığını qeyd etmək lazımdır. Xüsusilə bizimlə oyunlarda bu qapıçı ustalıq göstərir. Çempionatı toplasaq, bəlkə də 10-12 dəfə elə qurtarış edib. Onun seyvləri həm kubokda, həm də çempionatda həlledici olub. Səbirli olmaq lazımdır. Mən bunları normal qarşılayıram. Bu gün futbolçularımın çıxışından çox razı qaldım. 0:1 geridə olmağımıza baxmayaraq, qələbəyə köklənmişdilər. Qapımıza vurulan qolu gördünüz. Çox futbolçular bizimlə matçda ilk qollarını vururlar. İllərdir qol vurmayan oyunçular bizimlə oyunda fərqlənirlər. Məsələn, Voyislav Stankoviçi götürək. Uzun müddətdir qol vurmurdu. "Səbail"də Qomis, bu gün Lebon bizə fantastik qol vurdu. Belə hadisələr oyunlarımızda çox baş verir. Hər dəfə özümə söz verirəm ki, danışmayacağam. Amma elə olur ki, mövzu açılır və danışırıq. Səbir etməli, yolumuza davam etməliyik.

– Millinin köməkçi məşqçisi Arif Əsədov bildirib ki, futbolçular klublarda yaxşı fiziki durumda deyillər. Bu haqda nə deyə bilərsiniz?
– Mən futbolçularımın fiziki durumundan razıyam. Bunu "Qəbələ", "Neftçi", "Sabah"la görüşlərdə görmüşük. Ümumiyyətlə, millinin fiziki durumla bağlı hər hansı sıxıntısı görünmür. Məğlubiyyətlərin fiziki durumla əlaqəsi yoxdur. Bu söhbət 96-97-ci illərdə qaldı: "Bizim 60-70 dəqiqə gücümz çatır". "Qarabağ" 90 dəqiqə bütün Avropa klublarını fiziki cəhətdən üstələyir. Qurtardı bu söhbətlər. 96-97-ci illərdə edilən söhbətlər, atmacalar, bəhanələrdir. Buraxılan qolların fiziki durumla nə əlaqəsi var? Bəli, rəqiblər həmişə bizi üstələyib, aydın məsələdir. Onların oynadığı çempionatlara baxın. Amma baxırıq ki, ilk hissələrdə millimiz rəqibləri dinamikada, sürətdə üstələyirdi. 2-ci hissədə problem yaşamağımızın fiziki dözümlülüklə bağlı olduğunu düşünmürəm. Bu tip rəqiblər həmişə 2-ci hissədə təzyiqi artırır. Qələbələr qazanılanda futbolçular fiziki cəhətdən çatdırırdı? Qələbə seriyası olanda heç kim açıqlama vermədi ki, futbolçular klublardan yaxşı vəziyyətdə gəlirlər. Arif müəllim savadlı adamdır, futbolu bilir. Bunu fiziki durumla bağlamaq, bilmirəm...

– Sizcə, millimizin problemi nədədir?
– Bilmirəm. Hər hansı geniş şərh vermək istəmirəm. Məqamı olduqda bu mövzuların ətrafında yetərincə danışmışıq. İndi həm məqamı deyil, həm də milli məğlub olandan sonra çox danışmamışam. Amma heyət olaraq götürsək, son illərin beynəlxalq arenada müasir futbol oynamaq üçün ən optimal heyətidir. Bəli, itkilər olanda mərkəz müdafiəçisi, qapıçı mövqeyində bəzi problemlər yaşayırıq. Əslində qapıçılarımız da yaxşıdır. Sadəcə olaraq, beynəlxalq arenada təcrübələri yoxdur.

Bizdə əsas sıxıntı mərkəz müdafiəçisi mövqeyindədir. Yenə eyni yerə çıxırıq. Bu gün beynəlxalq arenada təcrübəsi olan 2 stopperimiz var. Bəhlul Mustafazadə və Bədəvi Hüseynov. Digərlərinin ustalığı onlardan geri qalmır. Sadəcə olaraq, beynəlxalq praktikaları yoxdur. Höccət Haqverdinin stopper mövqeyində çox yaxşı oyunları olub. Amma indi millidə sağ cinah müdafiəçisi kimi oynayır. Digər mövqelərdə millinin indiyə qədərki ən geniş heyəti var. Bəzən itkilər də olur. Bunu da nəzərə almaq lazımdır. Hamı mənimlə razılaşar ki, müstəqillik dövründə hazırkı milli ən güclü heyətdir.

– Avstriya bizimlə matçda optimal heyətlə deyildi, İsveç zəif dönəmini keçirir. Belə olan halda Belçika ilə matçdan nə gözləmək olar?
– Oyunların arasında fərq olur. Bu tip matçlarda ən çətini oyunun əvvəlidir. Ondan sonra nəticə sərf etmirsə, rəqib təzyiqi artırır. Əslində hər 2 matça yaxşı başlamışdıq. Mənim öz fikirlərim var. Bunlar mənim özümdə qalsın.

– Nə vaxtsa Cəlal Hüseynovu sağ cinah müdafiəçisi kimi oynatmaq ağlınızdan keçib?
– Xeyr. Heç vaxt.

– Futbolçuda sağ cinahda oynamaq potensialı var?
– Hər futbolçunu hər mövqedə oynada bilərsən. Əlində olan heyətdən də çox şey asılıdır. Ola bilər ki, nə vaxtsa Cəlalı sağ cinahda oynadım. Bəlkə də limit lazım olanda edə bilərəm. Açığı, bir dəfə yoldaşlıq görüşündə 45 dəqiqə oynatmışam. Ümumən seçimim olsa, Cəlalı stopper mövqeyində oynadaram, sağ cinahda oynatmaram.

writer photo
Əlirza Əlirzalı
0