Rəşad Sadıqov: “Çox ucuz qollar buraxırıq” - VİDEO
29.10.2022 - 19:33
Rəşad Sadıqov: “Çox ucuz qollar buraxırıq” - VİDEO

“Bilirdik ki, rəqib meydana böyük motivasiya ilə çıxacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Neftçi” ilə ev oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Bizim də öz məqsədimiz var idi. Lakin rəqib layiqli qələbə qazandı. Təbii ki, ilk qolun təsiri oldu. Buraxdığımız ilk iki qoldakı səhvin rolu böyük idi. Rəqib meydanda bizdən üstün idi və qələbə qazandılar. “Qəbələ” ilə xal fərqimiz 2 idi. İndi onların bir oyunu var. Bugünkü məğlubiyyətdən sonra üçüncülük mübarizəsində geri düşdük. Bəzən məğlubiyyət motivasiya baxımından yaxşı təsir edir, bəzən isə pis. Oyuna yaxşı başladıq, düşündüyümüz hər şey alınırdı. İlk qoladək bir neçə epizodumuz oldu. Amma heç birindən yararlana bilmədik. Belə qollar psixoloji basqı yaradır. İkinci hissədə daha inamlı idilər”. 

Mütəxəssis fərdi səhvlərdən gileylənib: “Çox ucuz qollar buraxırıq. Xüsusilə də əsas rəqiblərlə matçda. Yalnız “Qəbələ” ilə matçda belə səhv etmədik və qalib gəldik. Digərləri isə belə oldu. Künc zərbəsindən sonra mübarizəni uduzuruq və rəqib qol vurur. Nəticələrimizi yaxşı eləmək üçün belə qollar buraxmamalıyıq. Əksər buraxılan qollarda fərdi səhvlər var. Ya diqqətsizlikdir, ya kobud texniki səhv. Mehdi Cənnətov hazırdır. Sadəcə Anar Nəzirov yaxşı çıxış edirdi”. 

Sadıqov müdafiədəki sistemi dəyişməsinə də toxunub: “Müdafiə sistemini dördlüyə keçəndən sonra iki top buraxdıq. “Qarabağ”la matçda da sistemi dəyişib 6 top buraxdıq. Bir çox şeyləri sistemlə bağlamıram. Bu gün məcburiyyətdən buna getdik. Hacıağa zədəli idi. Keytanın uzun müddətdən sonra qayıtması üçün belə sistem seçmişdik. Bu üzdən belə addım atdıq. Sistemi dəyişəndən sonra iki top buraxdıq. Üçlü, dördlü, lap yeddi müdafiəçi ilə oynasan da xeyri yoxdur. Fərdi səhvlər çox idi. 0:2-dən sonra rəqib daha çox imkan yaratdı. Aradan qaldırmağa çalışacağıq. Çox fərdi mübarizədə uduzuruq. Futbolçularla da bu barədə danışmışıq. Rəqibə daha çox təzyiq göstərməliyik”.

Qeyd edək ki, “Zirə” paytaxt derbisində 0:3 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0