"İlk növbədə rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm.”.
Apasport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turunun "Araz-Naxçıvan"la (1:0) matçından sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk hissə çox sönük keçib: “Rəqib pressinq edirdi, biz ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yox idi. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Abdullah Rzayev hücuma qoşuldu və oyunçularımız birə-bir mübarizələri uduzdu. Belə olan halda, uğurlu nəticədən söhbət gedə bilməz. Daha dəqiq və daha etibarlı oynamalıyıq. "Araz-Naxçıvan" əzmkar qələbə qazandı".
- Hücumda kreativlik, yaradıcılıq və son nöqtəni qoymaq çatmadı. Bu nədən irəli gəlir?
- Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan açıq-aşkar hiss olunur. Hücumda keyfiyyətimiz çatmır. Futbolçuların oyunu öz üzərinə götürməsi də çatışmır. Səkkiz tur keçib, bir çox futbolçularımız nə qol vurub, nə məhsuldar ötürmə verib. Təbii ki, uğurlu nəticə əldə etmək istəyirsənsə, bunlar vacib məqamlardır. Belə olan halda, istər-istəməz uğurlu nəticədən danışmaq çox çətindir. Bu gün hücum xəttində passiv oynadıq. Təhlükəli vəziyyətlərimiz oldu, amma onlar daha çox standart vəziyyətlərdən idi. Oyunun özündən hansısa uğurlu hücum, təhlükəli vəziyyət haqda danışa bilmərik. Yersiz çoxsaylı top itkilərimiz oldu. Bu da sonda oyunun ümumi gedişatına təsir etdi.
- İki oyundur ki, qələbə qazana bilmirsiz. Rəqiblər toparlanmağa başlayıb, yoxsa "Zirə"nin oyunundan eniş yaşanır?
- Son oyunda bir xal qazanmışdıq. Yaxşı "Neftçi"yə qarşı qələbə qazanmaq həmişə çətindir. Bu gün qalib gəlmək istəyirdik. Ancaq rəqibimiz də evdə "Qəbələ" və "Neftçi"ni məğlub etmişdi. Çox uğurlu nəticələr əldə edirlər. "Səbail"ə uduzsalar da, qələbəyə daha yaxın idilər. Bilirdik ki, bu gün bizə qarşı yüksək motivasiya ilə oynayan komanda olacaq. Biz də oyun planı cızdıq, istəyirdik ki, uğurlu nəticə əldə edək. Amma rəqib daha uğurlu oldu və layiqli qələbə qazandı.