"Zirə" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "DAK 1904"ün qonağı olacaq.
Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabah bizi olduqca vacib oyun gözləyir. Bilirik ki, rəqibimiz evdə böyük istək və motivasiya ilə oynayır. İlk matçda qələbə qazanmışıq. Müəyyən üstünlüyümüz var. Rəqib ilk dəqiqələrdən bu üstünlüyü aradan qaldırmağa çalışacaq. Biz də mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.
- Cavab oyununa nə qədər fiziki, nə qədər mental cəhətdən hazırlaşmısız?
- Həqiqətən də oyuna ciddi rejimdə hazırlaşmışıq. Maraqlı sualdır. Mental hazırlığa daha çox yer ayırmışıq. Çünki ilk oyunda qələbə qazananda cavab görüşündə psixoloji hazırlıq önəmli olur. Amma taktiki cəhətdən də çox işləmişik. Rəqibin savadlı məşqçisi var. Biz onu ikinci hissədəki həmlələri ilə gördük. Başa düşürük ki, sabah bizi necə oyun gözləyir.
- Rəqib son matçlarda iki fərqli tipli hücumçu ilə oynadı. Müdafiəçiləriniz buna nə dərəcədə hazırdır?
- Hər futbolçunun təhlilini aparmışıq. Düşünürəm ki, son oyundakı rotasiya futbolçuların fiziki durumuna görədir. Çünki səfərdən dönmüşdülər. Baş məşqçinin ölkə çempionatında etdiyi rotasiyalar onu göstərir ki, rəqib matça çox ciddi hazırlaşıb. Rəqibdən sabah da yeniliklər gözləyirik.
- Avrokuboklarda qırmızı vərəqələr oyunun taleyinə çox təsir edir. Bununla bağlı hansısa futbolçuya xəbərdarlıq etmisiz?
- Bu, təkcə beynəlxalq oyunlarla bağlı deyil. Çempionat matçlarında da xüsusi oyunçular var ki, sarı vərəqə almağa meyilli olurlar. Fərq orasındadır ki, çempionatda 4 sarı vərəqə alanda növbəti oyunu buraxırsan, avrokuboklarda isə 2 sarı vərəqədən sonra cəzalı duruma düşürsən. Qırmızı vərəqə isə bu tip oyunlarda çox böyük rol oynayır. Futbolçularım "Şerif"lə matçdan sonra bunu bir daha dərk etdilər. Sabah oyunu 11 nəfərlə başa vurmaq çox vacibdir.