“Yaxşı, sürətli, keyfiyyətli oyun alındı. Hər iki komanda çox istəkli idi”.
Apasport.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Misli Premyer Liqasının III turunun “Səbail”lə səfər matçında qələbə qazanan “Zirə”nin çalışdırıcısı komandasının birinci hissədəki oyunundan razı qalıb. Sadıqov vacib üç xal qazandıqlarının bildirib: "Oyun bizim üçün ilk yarıda daha yaxşı alınırdı, tamamilə bizim nəzarətimizdə idi. Hesabı açdıq. Ancaq sonradan gözlənilmədən qol buraxdıq. Çünki "Səbail" daha böyük qüvvə ilə irəli getməyə başladı. Müdafiəsində boşluqlar yaranırdı. Həmin dəqiqələrdə nəticəni mütləq inkişaf etdirmək lazım idi. Tam əksinə, rəqibin müdafiəsindəki boşluqlardan istifadə etmədikdən sonra onlar bizi cəzalandırdı. Ümumən ilk yarı bizim üçün çox yaxşı keçdi. Lakin ikinci hissənin əvvəlində "Səbail" də aktiv oynamağa başladı. 70-ci dəqiqədən sonra üstünlük yenə biz tərəfə keçdi. Hücumlar qururduq, ərazi bütövlüyü bizdəydi. Mövqe hücumu ilə fərqlənmək alınmadı, amma sürətli hücumla qol vurduq. Futbolçularım xarakter göstərdi, yaxşı mübarizə apardı. Rəqibə qol vurmaq imkanı vermədilər. Vacib üç xal qazandıq. Komandamı, azarkeşləri, rəhbərliyimizi təbrik edirəm”.
- Üç oyunda üç qələbə qazandınız. Bu, qarşıdakı matçlar üçün motivasiya ola bilər?
- Özünüz də görürsüz, proqnoz verildiyi kimi, çempionat gərgin başlayıb. "Sumqayıt" itkisiz gedir, "Turan Tovuz" üç səfər matçından altı xal toplayıb. "Sabah", " Neftçi, "Qarabağ" startda xal itirsə də, mövsümün sonuna yaxın öz formalarını yaxalayacaqlarını düşünürəm. Bu mövsüm gərgin keçir. Ötən mövsüm üç oyundan bir qələbə qazanırdı və bu, yaxşı hesab edilirdi. Amma bu mövsüm üç oyunda da qələbə qazanmısan və baxırsan ki, rəqiblər yenə sənə yaxındır, böyük fərq yaranmayıb. Bu bir daha onu göstərir ki, gərgin mübarizə bizi gözləyir. Biz də komanda olaraq, buna hazır olmalıyıq.
- Filipe Paxtmanın qol vurmasına ən çox sevinənlərdən biri siz olduz. Onu meydana buraxanda qol vuracağını hiss etmişdiz?
- Paxtmanı bir az daha erkən meydana buraxmaq istəyirdim. Sadəcə süni örtüklü meydanı nəzərə alıb, düşündük ki, son 15-20 dəqiqədə onun xidmətindən istifadə edək. Amma əslində, 60-cı dəqiqədən sonra onu meydana buraxmaq olardı. Təbii ki, hardasa qələbəyə sevinirəmsə, bir o qədər də Paxtmanın qol vurmasına sevinirəm. Elə qol vurduqdan sonra mənə yaxınlaşaraq çox sağ ol dedi. O da bilir, hiss edir ki, komandamız, rəhbərliyimiz, məşqçilər heyəti ona nə qədər güvənir. Bu gün qol vurması təbii ki, bizi sevindirdi. Gələcəkdə də istəyərəm ki, uğurlu çıxışı stabil olsun.
- Ötən mövsüm bəzən qələbə olurdu, bəzən məğlubiyyət. Amma bu mövsümə üç qələbə ilə başlamısız. Ötən mövsümlə müqayisədə nəyi dəyişmisiz ki, bu dəfə start uğurlu alınıb?
- Təbii ki, hazırlıq, oyun planı, seleksiya, heyət olaraq müəyyən dəyişiklərə getdik. Yeiliklərə ehtiyac olduğunu fikirləşdik. Amma üç qələbəni sırf onunla bağlamaq da düzgün deyil. Ötən mövsüm də qələbə qazanmalı olduğumuz oyunlar az olmadı, amma sonda uduzduq. Uğurlu start vermişik, istərdim ki, futbolçular bu məsuliyyəti dərk etsinlər, buna uyğun davransınlar və növbəti oyunlara hazırlaşsınlar.