Roman Qriqorçuk: "Hazırda heç bir derbi haqda düşünmürəm"
28.09.2024 - 22:08
Roman Qriqorçuk: "Hazırda heç bir derbi haqda düşünmürəm"

Misli Premyer Liqasında VIII turunda "Neftçi" - "Sumqayıt" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. 

- Bu gün iki xal itirdiz, yoxsa bir xal qazandınız?
- Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik.

- Növbəti turda "Neftçi" "Kəpəz"lə oynayacaq. Hər iki komanda autsayderdir. Vaxtı ilə bu iki komanda güclü idi və bu komandaların oyunu derbi sayılırdı...
- Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdır. İndi yalnız qələbə haqda düşünməliyik. Bu "Neftçi" üçün çox vacibdir. Başqa heç nə haqda düşünmürük.

- Nə dəyişmək lazımdır ki, nəticə olsun?
- Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımlz futbol və nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə.

- Qalib gələ bilməməyinizin əsas səbəbi nədir?
- Taktik və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək.

- "Neftçi" tarixində bu qədər zəif başlanğıc olmayıb. Bura gələndə bunu gözə almışdız və sizdə ruh düşkünlüyü yaranır?
- "Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki düşüncəmdə gələcəkdə nələr baş verəcək haqda düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir.

- Emin Mahmudov zədəlidir, yoxsa heyətdə düşünmürdüz?
- Bəli, yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həftədən məşq edəcək.

- Ümidiniz var ki, "Kəpəz" üzərində qazanılacaq qələbədən sonra "qara zolaq"dan çıxacaqsız?
- Bayaq dedim, yenə cavab verim. Min faiz əminliklə deyə bilərəm ki, qələbə qazansaq daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi mənə də təsir edir. Bilmirəm hansı sözlə ifadə edim. Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq.

- "Neftçi" rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiz?
- Gəlin futbol haqda danışaq. Bu mövzular haqda daxili müzakirə edirik.

- Belə vəziyyətlə qarşılaşmısız və hansı reseptlə çıxmısız?
- Bəli, çətin və fərqli vəziyyətlər olub. Hamısını müqayisə etsək, hazırki durum birinci yerdədir. Resept odur ki, düzgün çalışma və səbirli olaraq, uzun müddət gözlənilən qələbəni əldə etmək.

writer photo
Əlirza Əlirzalı
0