Ruslan Abbasov: “Neftçi” ancaq ona ümid edə bilər” - MÜSAHİBƏ
28.01.2023 - 17:46
Ruslan Abbasov: “Neftçi” ancaq ona ümid edə bilər” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq futbolçusu Ruslan Abbasovun apasport.az saytına müsahibəsi 

- "Neftçi" Qodsvay Donyo və Yusuf Lavalı satdı. Onların gedişi komanda üçün mənfi haldır, yoxsa təsirsiz ötüşəcəklər?
- İlin ilk rəsmi oyunundan da göründü ki, komanda hələ yaxşı futbol oynaya bilmir. Gələnlər özlərini elə də göstərə bilməyib. Amma hər şey 3-4 turdan sonra bilinəcək. Onsuz da əvəzedilməz oyunçu yoxdur. Yusuf Laval normal futbol oynayırdı, komandaya kömək olurdu. Amma Qodsvay Donyo ümumiyyətlə özünü göstərə bilmirdi. Onun oyununu bəyənmirdim.

- "Neftçi"nin "Sabah"la görüşdəki çıxışını necə dəyərləndirirsiniz? Sizcə, nəyə görə məğlub oldular?
- “Neftçi”nin mövsümün ikinci yarısında daha gözəl oyun göstərəcəyini gözləyirdim. Amma çox təəssüf ki, dəyişən bir şey yoxdur. “Sabah” oyunun əvvəlində məsələni həll etdi. İki qol vurdular və bundan sonra oyunun gedişatını dəyişmək çətin məsələ oldu. “Neftçi” geridönüş edə bilmədi. “Neftçi” çox tez qol buraxdı, oyuna yaxşı başlamadı. Sonda da bu cür nəticə qeydə alındı. 

- “Neftçi”nin oyununda problem olduğu görünür. Sizcə, zamanla hər şey qaydasına düşəcək, yoxsa zaman da kömək olmayacaq?
- Oyuna ilk dəqiqələrdən sona qədər baxdım. Mənim üçün ağır oldu. “Neftçi”nin bu cür oyunu bizləri üzür. Pis-yaxşı orada bir az futbol oynamışıq. Hazırda oyunları adama heç də xoş gəlmir. Gözləyirdim ki, Antalya toplanışından döndükdən sonra “Neftçi” daha gözəl, məzmunlu oyun sərgiləyəcək. Amma belə olmadı. 

- Laurentsiu Regekampf işinin öhdəsindən gələ bilir?
- Bu, rəhbərliyin işidir. Laurentsiu Regekampfın işinə qiyməti rəhbərlik verir. Onu saxlamaq, ya çıxarmaq, onların verəcəyi qərardır. Bu barədə bir söz deyə bilmərəm.

- "Neftçi" bu mövsüm əsas rəqibləri olan - "Sabah" və "Qarabağ"a məğlub olub. Artıq demək ki, "ağ-qaralar" çempionluq və ikinci yerdən əlini üzüb?
- Bəli, ikinci yer də əldən gedib. Yeganə ümidləri ölkə kubokunu götürməyə qalıb. Amma ilk 2 pillə üçün şansları yoxdur. Görək də, kubokda necə olacaq.

- Sizcə ölkə kubokunu qazana biləcəklər?
- Komanda toparlanmalıdır. Fikirləşməlidirlər ki, kubokdan başqa şansımız yoxdur. “Turan Tovuz”la yarımfinalda qarşılaşacaqlar. Finalda da “Qəbələ” – “Səbail” cütünün qalibi ilə oynayacaqlar. Çempionatdakı bütün ümidləri itib. “Neftçi” ancaq kuboka ümid edə bilər. Məncə, onlar ancaq kuboku götürməyi fikirləşirlər. Güclü olan qalib gələr, kuboku götürər. Rəqib də “Turan Tovuz”dur. Bu komanda da bizimdir. “Neftçi” üçün üçüncü yer həqiqətən acınacaqlı və çox ağırdır. Üçüncü yeri tutmaq “Neftçi” üçün sıradan bir şeydir.
 

writer photo
Əlirza Əlirzalı
0