Sabahımızı təhlükəyə atan zənglər
17.07.2024 - 11:51
Sabahımızı təhlükəyə atan zənglər

Son zamanlar ölkəmizin uşaq futbolunda baş qaldıran rəqabət hələ də aktuallığını qoruyub saxlayır. Bu, sadə və sağlam rəqabət olsaydı, dəstəyimizi əsirgəməzdik. Məsələ burasındadır ki, Sabah Futbol Akademiyasının rəqabət anlayışı uşaq futbolunda xoşagəlməz halların yaranmasına səbəb olub. 

Əvvəl də qeyd etdiyimiz kimi, "Sabah"ın seleksioner və məşqçiləri Sumqayıt Futbol Akademiyasında oynayan uşaqların valideynlərinə zəng edir, onlara pul, yüksək maaş vəd edir. Bu cür təkliflər iki komandanın oyunlarından əvvəl daha intensiv hal alır. 

Sabah Futbol Akademiyasının seleksiya qrupunun rəhbəri Rövşən Babayev deyir ki, bizi istəyən valideynlərdir. Onlar "Sumqayıt"ın şəraitsizliyindən şikayətlənirlər. Lakin Babayevin özünün də bilmədiyi şeylər var imiş. Dəfələrlə onunla danışdığını deyən bir çox valideyn onun qeyri-etik, maddi təklif etmədiyini deyib. Deməli, bəzi məşqçilər heç onun da xəbəri olmadan valideynlərə zəng edib, müxtəlif təkliflər edirmiş.

Yaxşı, bəs 15-16 yaşlı futbolçunu pula şirnikləşdirmək, onu həyat şəraiti ilə sınamaq hansı məntiqə sığır? Sən Azərbaycan futbolunun gələcəyini kor qoymursanmı? Bir halda ki, aşağı büdcəli "Sumqayıt" öz yetirmələri ilə uğurlar qazanır, onların inkişafına töhfə verir, sənin buna müdaxilə etməkdə hansı xoş niyyətin ola bilər?

Həm seleksiya budurmu?! "Sumqayıt"ın bişirdiyi "hazır kökə"ni heç tərəddüd etmədən öz akademiyana cəlb edib, gələcəkdə "bizim yetirməmizdir" demək...

Kökə demiş, eybi yox, qoy bu uşaqlar məşqə kökə yeyə-yeyə getsinlər. Bu, sənin verəcəyin on minlərlə pulun rahatlığı ilə ayağını ayağının üstünə aşırıb arxayın oturmaqdan yaxşıdır. Elə bir çox valideynin açıqlamasından da başa düşürük ki, onlar bu məqamda inkişafı puldan üstün tuturlar. Təbii ki, bir idmançının karyerasının erkən mərhələsində seçməli olduğu ən düzgün yol budur. 

"Kimyaçılar"ın U-17 komandasının üzvü Nadir Orucovun valideyni saytımıza açıqlamasında deyir: "Adını bilmədiyim, özünü "Sabah"ın nümayəndəsi kimi təqdim edən şəxs mənə zəng vurub bildirdi ki, hərbi xidmət, universitet problemini həll edəcəyik". Azərbaycan futbolunun "sabahı" bu üsulla ulduzlar yetişdirmək istəyir, yoxsa məqsəd "Sumqayıt"ın istedadlı uşaqlarını əlindən almaqdır? 

Bayquş müdriklik əlamətidir, ağılın, məntiqin rəmzidir. "Bayquşlar" bu dəfə adlarına uyğun davranmır. Biz gələcəkdə savadlı, mənəviyyatlı, çalışqan futbolçular görmək istəyirik. Qoy onlar öz doğma şəhərlərinin klubunu məhdud imkanlarla ucalara qaldırsınlar. Axı Azərbaycan futbolunun məhz buna ehtiyacı var. Futbol mentalitetini formalaşdırmaq üçün ən ideal şərait məhz budur. "Sabahımız" üçün manqurt yox, savadlı, futbol biliyi və idman etikası yüksək səviyyədə olan idmançılara ehtiyac var. Sabah məhz onlardır.

"Sabah bizik" şüarının məqsədi qeyri-bərabər şərait yaradıb, hegemoniya qurmaq olmamalıdır. Bu sabah hamımızındır və bu sabahda bizim övladlarımız var. Hansı ki, onlar müxtəlif klubların rənglərinə bağlı ola bilərlər. Yekunda bir bayraq altında birləşəcəklər. Fərqi yoxdur kim hansı klubdan gəlib, kimi "Sumqayıt" yetişdirib, kimi "Sabah", kimi "Neftçi", kimi "Qarabağ". Sən futbolçunu məktəbdən çıxarırsan ki, o sabah milli komandada doğma ölkəsinin himnini oxuya bilməsin?  "Əsgərliyini həll edirsən" ki, vətən anlayışından bixəbər yetişsin? Futbolun da sərhədləri var və həmin sərhədləri əziyyət görmüş, sıfırdan qalxmış, savadlı futbolçular layiqincə qoruyacaqlar...

Valideynlərin açıqlamaları onu deməyə əsas verir ki, "Sumqayıt"ın yetirmələrinin böyük qismi öz komandalarında qalmağı üstün tutub. Çox az sayda valideyn maddi səbəblərdən övladını digər klubun futbol akademiyasına aparıb. Nə Rövşən Babayevin, nə də valideynlərin zəng edənlərin kimliyindən xəbəri var. Ümid edək ki, "Sabah" rəhbərliyi məsələyə lazımı reaksiyanı verəcək və bu xoşagəlməz hal aradan qaldırılacaq.

 

Adil Nəhmətli

writer photo
Əlirza Əlirzalı
0