"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında səfərdə "Bazel"ə 0:6 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Adino Mustedanaqiç oyunla bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb:
“UEFA Gənclər Liqasında mübarizəyə birbaşa 2-ci mərhələdən başladıq. İlk sınağımızda Avropanın ən yaxşı akademiyalarından birinə malik olan “Bazel”lə qarşılaşdıq. Bu komanda ötən mövsümdə Zaqreb “Dinamo”sunu məğlub etmişdi. Həmin oyunda hazırda heyətdə olan bir çox futbolçu şans qazanmışdı. Rəqibin bu cür qarşılaşmalar üçün çox böyük təcrübəsi var idi. Oyunu fərqli atmosferdə, “Bazel”in əsas stadionunda, 2600 tamaşaçının önündə keçirdik.
Belə matçlarda yaxşı nəticə qazanmaq üçün mümkün olduğu qədər fərdi səhvlərə az yol verməlisən. Təəssüf ki, oyunun artıq 6-cı dəqiqəsində bu cür səhvlərdən birini etdik ki, bu da qarşılaşmanın sonrakı gedişatına təsir etdi. Azərbaycan və Avropa futbolu arasında əsas fərq də məhz səhvlərin rəqiblər tərəfindən dəyərləndirilməsi faizi ilə bağlıdır. Belə matçlarda rəqib sənin hər səhvini dəyərləndirirsə, Azərbaycanda bu nisbət daha aşağı olur. Gənc oyunçular üçün bu cür qarşılaşmalar bir təcrübədir. “Bazel” kimi rəqiblərlə matçlara köklənmək üçün bu keyfiyyətdə ən azı 5 oyun keçirməlisən. Bu, gənclərin belə mötəbər turnirlərdə ilk təcrübəsi idi. Fikrimcə, səhvlərdən nəticə çıxarmalı və gənclərə dəstək olmalıyıq”.