Şahin Diniyev: "Biz "bitdi" demədən bitməyəcək"
14.04.2024 - 19:53
Şahin Diniyev: "Biz "bitdi" demədən bitməyəcək"

"Səbail" Azərbaycan Premyer Liqasının 30-cu turunda doğma meydanda "Kəpəz"lə 3:3 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə oyundan sonra danışmaq çox çətindir. İki fərqli hissə izlədik. İlk yarıda bəsit qollar buraxdıq. İkinci hissədə komanda həm xarakter göstərdi, həm də oyunla "Kəpəz"i sıxmağa başladı.4 dəqiqə əlavə olunan matçda son dəqiqədə qol buraxmaq çox ağırdır. Hakimlər oyunu ideal idarə etdi. Sadəcə vaxt çox artırdı. Qırmızı vərəqəyə baxılmasını çox istəyərdim. Sonda buraxdığımız qol hər şeyin üstündən xətt çəkdi. Futbolun iki üzü var. Kim deyirsə ki, "Səbail"ə hakimlərin simpatiyası var, yanlışdır. Kiminsə musiqisinə oynamağa çalışmayın. Növbəti oyuna hazırlaşmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. İkinci hissədən tam razı qaldım.

- Avrokuboklara vəsiqə şansınız azaldı. Komandanı son 6 oyuna necə motivasiya edəcəksiz?

- Komanda o vəziyyətdə deyil ki, udmaq qabiliyyəti olmasın. Hər rəqiblə başabaş mübarizə aparıb qələbə qazanmaq şansımız var. Futbolçular, rəhbərlik və mən bir gəmidə gedirik. Gəminin də kapitanı mənəm. Kapitan inanmırsa, gəmini sürməyə dəyməz. İnanıram. Qarşıda 6 tur var. Biz "bitdi" demədən bitməyəcək. Qarşımıza qoyulan məqsəd ilk 6-lıqda olmaq idi. İndi Avropa zonasına yaxın olduğumuz üçün vuruşuruq. Düşməsək də, dünyanın sonu deyil.

- "Səbail" ikinci hissələrdə daha yaxşı oynayır. Bu, nə ilə bağlıdır?

- Futbolçular istəyirlər ki, tez qol vursunlar. Buna görə təzyiq yaranır. Komandanın funksional hazırlığı yüksək səviyyədədir. İkinci hissədə itiriləsi heç nə yoxdur deyə komanda dəyişir. 

- Adi Mehremiçin qırmızı vərəqə aldığı epizodu necə dəyərləndirirsiz?

- Dava edənlərin ikisinə də qulaq assan, ikisi də düzdür. Deyə bilmərəm ki, hakim səhvdir, yoxsa Mehremiç. Bunu hər ikisinin vicdanına buraxıram.

writer photo
Əlirza Əlirzalı
0