"Araz-Naxçıvan"a uğurlar arzulayıram. Elmar bəy yaxşı komanda formalaşdırıb. Futbolçularıma təşəkkür edirəm ki, intizamı pozmadılar. Səhvsiz oynadıq. Çətin matç idi. Futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik. Yeddi ayın komandasıyıq. İnid iddialıyıq, məni çox sevindirir".
Apasport.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 31-ci turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Müdafiənin mərkəzindəki seçimləriniz sürpriz oldu. Bunu nə ilə əlaqələndirirsiz?
- Limitlə bağlı deyildi. Bizim ən çox rotasiya etdiyimiz mövqe müdafiənin mərkəzidir. Səhvləri minimuma endirmək istəyirik. Futbolçuları son həftədəki məşqlərə görə seçdim. 49 qol buraxmışıqsa, 30-a yaxınıq fərdi səhvlərə görədir. Yeni komandayıq, bunlar da olacaq.
- Növbəti turda "Sabah"la qarşılaşacaqsız. Avrokuboklar baxımından bunu həlledici oyun saymaq olar?
- Altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur. Son matça qədər "Səbail" döyüşəcək.
- Heyətiniz imkan verəcək ki, sona qədər mübarizə aparasız?
- "Səbail" funksional hazırlığı yaxşı olan komandalardandır. Komandanın gücünə, potensialına inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox, insanı yanaşma idi. Düzdür, hazır deyildi. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq. Heyətimiz yetərlidir ki, sona qədər mübarizə aparaq.
- Legionerlərin əksəriyyətinin müqaviləsi bir illikdir. Kimlər gedəcək, kimlər qalacaq?
- Futbol nəticənin üzərində dayanan oyundur. Həm tələsmirik, həm də gecikirik. Komandanın harda olmasından çox şey asılıdır. Radikal dəyişikliklər istəmirik. Komandada 90 faiz dəyişiklik olanda, stabillik alınmır. Güclənməyə də ehtiyac var. Heç bir futbolçu ilə danışıq aparmamışıq. Futbolçuların hər biri burada xoşbəxtdir. Hər halda, bizim qərarlarımızdan asılı olan məsələdir.