Misli Premyer Liqasının XI turunun "Səbail" - "Sumqayıt" matçından (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.
"Oyun haqda danışmaq çox çətindir. Bir komanda oynadı, bir komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu, artıq sözün bitdiyi yerdir. Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundur. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərlə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə deyildi".
- Növbəti rəqibiniz "Kəpəz"dir. Həmin matç sizin üçün dönüş nöqtəsi olacaq?
- Əslində bu oyun da bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. "Kəpəz" 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdir.
- "Sumqayıt"la bağlı hansısa sindrom var, yoxsa onlarla oyunlarınız alınmır?
- Bəxtsizlikdir. Sanki bizi "qara basıb". "Sumqayıt"la oyunlarda heç cür bəxtimiz gətirmir. Böyük bir sindrom var.
- Ötən mövsümlə müqayisədə heyətlə bağlı problem görürsüz?
- Bütün sahələr maliyyə ilə bağlıdır. 11-ci tura qədər maliyyədən şikayətlənmişəm? Olmayacaq da. Çox istərdim ki, ötənilki komanda qalsın. Həmin heyətə 3-4 transfer etməklə rahat şəkildə avrokuboklar üçün mübarizə aparardıq. Ancaq mən nikbinəm. Biz buradan çıxacağıq, daha yaxşı günlərimiz qabaqdadır.