"Səbail" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi millimizin hücumçusu Mahir Emrelinin sabiq komandası olan Polşa "Leqiya"sı ilə qarşılaşıb. "Səbail" hesabda 2 dəfə öndə olsa da, sonda qələbə qazana bilməyib – 2:2.
"Səbail"in qollarını braziliyalı müdafiəçi Fransa (4) və Mirabdulla Abbasov (81-pen.) vurub. Varşava klubundan isə Matsey Rosolek (48, 89) dubla imza atıb. Bu, komandaya yeni baş məşqçi təyin edilən Şahin Diniyev üçün qeyri-rəsmi də olsa, debüt matçı olub.
Qeyd edək ki, "Səbail" hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.