Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov (2703 xal) iki pillə irəliləyərək 17-ci, Teymur Rəcəbov (2700) isə 33-cü sırada qərarlaşıb.
Siyahıya Norveç təmsilçisi Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçıları Hikaru Nakamura (2802) ikinci, Fabiano Karuana (2793) üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 31-ci yerdədir. O, iki pillə irəliləyib. Bir sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) isə 21 pillə geriləməklə 72-ci sırada qərarlaşıb.
Qadınların reytinq siyahısına çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) yer alıb.