“Şamaxı”nın yeni rəhbəri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Şamaxı Futbol Klubu" İctimai Birliyinin təsisçilərinin və idarə heyətinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və digər əlaqədar qurumlarda olan zəruri qeydiyyat prosedurları davam edir: “Bu qeydiyyat prosedurlarının ilkin mərhələsi yekunlaşıb. Hazırda “Şamaxı Futbol Klubu” İctimai Birliyinin idarə heyətinin yeni sədri kimi Elçin Arif oğlu Usub qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınıb. Müvafiq təsdiqedici sənədlər Ədliyyə Nazirliyi tərəfindən klubun hazırkı rəhbərliyinə 6 iyul 2022-ci il tarixində təqdim edilib”.
Bəyanatda o da vurğulanıb ki, qanunvericiliyə uyğun olaraq bütün prosedurlar yekunlaşdıqdan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçularla əlaqədar son qərarlar veriləcək. Həmin qərarlar, habelə klubun yeni idarəetmə və inkişaf strategiyası ilə bağlı tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcək.