Samir Abasov: "Bu əziyyəti burda həmişə çəkmişik"
14.12.2023 - 18:43
Samir Abasov: "Bu əziyyəti burda həmişə çəkmişik"

Misli Premyer Liqasının XVII turunun açılış matçında "Kəpəz" Tovuzda "Sumqayıt"ı qəbul edib (1:1). 

Apasport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Samir Abasovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. 

Mütəxəssis oyun haqqında fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, burda bizim üçün çətin olacaq. Futbolçular əziyyət çəkdilər. Süni örtük futbolçuya zərər verir. Həm biz, həm də rəqib təzyiq edirdi. Oyun üslubumuzu güdərək mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Bunun üzərində işləmişdik. Təəssüf ki, qarşısını ala bilmədik. Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə qayıtsa, daha yaxşı olacağıq.

- İlk hissədə komanda hərəkətsiz idi. Bunun səbəbi nədir?-

Meydança. Bu əziyyəti burda həmişə çəkmişik. Hətta "Qarabağ" da Tovuzda heç-heçə edib. İrad tapa bilmirəm. Bilirəm ki, nədən qaynaqlanır.

 

- "Qarabağ"a ağır məğlubiyyətin təsiri qalıb?

- Xeyr. Məğlubiyyətin səbəbi bəllidi. "Qarabağ"a hər bir halda uduza bilərik. Sadəcə bəzi futbolçuların öz mövqeyində oynamaması təsir etdi. O məğlubiyyətin əsas səbəbi fərdi səhvlər idi. Bu gün "Qarabağ"a 0:10 hesabı ilə uduzsan da, hamı səni anlayır. 

 

- Üç turdur qələbə qazana bilmirsiz. Bu gün komandanın göstərdiyi xarakter sizi qane etdi?

- Bəli. Bu planda heç bir problem görmürəm.

 

- Bu gün zədədən qayıdan futbolçuları meydana buraxmaqla risk etmədiniz?

- Etdik. Onları məcburiyyətdən oynatdıq. 

 

- İlk 4-lük şansınızı necə dəyərləndirirsiniz?

- Söhbət iştahadan getmir. Məqsədimiz oyundan-oyuna səhvləri azaltmaqdır. Bir oyun üslubu ortaya qoymaq istəyirik. Bu gün heç-heçədən sonra hansı iştahadan danışa bilərik? Dediklərimi edə bilsək, məqsədlərdən danışa bilərik. Bu gün realist olmalıyıq.

writer photo
Əlirza Əlirzalı
0