Misli Premyer Liqasının X turunun "Neftçi" - "Səbail" matçından (3:1) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
"Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mükünsüz bir şeydir. Görüləcək işlər çoxdur".
- "Neftçi"yə çox çətin dövrdə gəldiz. Təcili olaraq nəyi düzəltməyi özünüzə borc bildiz?
- Söz-söhbətləri biz də eşidirdik. Bura gələndə qruplaşmaların olması ilə rastlaşmadım.
- Rza Cəfərovun kapitan təyin olunmasının səbəbi nədir?
- Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir.
- Qara Qarayevi geri qaytarmaq fikriniz var?
- Qara məndən əvvəl "Neftçi"dən gedib. Bilmirəm praktikada gedib-gəlmək var ya yox. Artıq klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa qərar olardı, yoxsa yox. Bunu deyə bilmərəm. Qara Qarayevə mənim hörmətim və sevgim çoxdur. Onun gənc vaxtlarında bir yerdə futbol da oynamışıq. Qaraya uğurlar arzulayıram. Bir dəstəkçi kimi həmişə onun yanındayam. Qara Qarayevi təzliklə meydanda görmək istəyirəm.
- Roman Qriqorçuk "Neftçi"də olan vaxtda sizinlə klub arasında danışıq olmuşdu?
- Həmin ərəfədə heç bir danışıq olmayıb. İnanmıram ki, klubun rəhbərləri baş məşqçi ola-ola başqası ilə danışıq aparsın. Bura gəlməyimdə bəzi səbəblər oldu. Bunu açıqlamaq istəmirəm. "Neftçi"də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq.
- Oyundan sonra Ağadadaş Salyanski ilə nə danışırdız?
- Xoşlayıram ki, məsələni yerində həll edim. Sonra yadımdan çıxa bilər. Ağadadaşa məsləhətlərimi verirdim.
- "Sumqayıt"da olanda demişdiz ki, "şəhərimin komandasındayam". Şəhərinizin komandasını pis vəziyyətdə qoyub getdiyinizi düşünmürsüz?
- Nəyə görə elə dediyim həmin günə aid idi. O vaxt "Sumqayıt"da idim, indi "Neftçi"dəyəm. Sumqayıtda böyük sevgi gördüm. Onlara dərin təşəkkürümü bildirirəm. Futbolçulara təşəkkür edirəm ki, uğurlu mövsüm keçirdim. Artıq bu keçmişdədir, indi "Neftçi" haqda danışmalıyıq.