“Sumqayıt”ın və milli komandamızın yarımmüdafiəçisi Səbuhi Abdullazadənin apasport.az saytına müsahibəsi
- XIII turda “Neftçi” ilə oyunda bir çox gözlənilənin əksinə meydandan qalib ayrıldınız. Bu qələbə sizin üçün xüsusi əhəmiyyət daşıyır?
- Bizim üçün vacib matç idi. İlk dəqiqələrdən meydana qələbə üçün çıxdıq, sonda da şükürlər olsun, qələbə qazandıq.
- Samir Abbasov mətbuat konfransında “Neftçi”nin hazırladığı videoçarxın komanda üçün xüsusi motivasiya olduğunu bildirib. O videonu siz də izləmişdiniz?
- Bəli izləmişdim. Videodan öncə öz aramızda söhbət edəndə bir-birimizə qələbə qazanacağımızı deyirdik. Videodan sonra isə motivasiyamız məncə, 2-3 qat daha da artdı.
- Sumqayıt bəlkə videoya görə, bəlkə başqa səbəblərdən daha aqressiv futbol oynayırdı. Aqressiv olmaq lehinizə işləyir?
- Məncə aqressivlik futbolun bir parçasıdır. İstək və aqressivlik olmalıdır ki, qələbə qazana bilək. Bunu son oyunlarda komanda olaraq göstərə bilirik və qələbələr qazanırıq.
- Mövsümə yaxşı başlasanız da bəzi oyunlarda bu performansı davam etdirə bilmədiniz. Səbəb nə idi?
- Hər komandanın oyununda eniş və yüksəliş olur. Əslində xal itirdiyimiz oyunlarda da yaxşı oynamışdıq. Sadəcə bunu nəticəyə əks etdirə bilmirdik.
- Son 2 turdakı qazandığınız uğurlu seriyanı davam etdirə biləcəksiniz?
- Bəli, bu uğurlu seriyanı davam etdirə biləcəyimizə inanıram.
- Milliyə dəvət olunmusuz. İsveç və Belçika ilə oyunlarda şans qazanacağınızı gözləyirsiniz?
- Şansımı gözləyəcəm. Əgər şans qazansam, əlimdən gələnin artığını edəcəyimə inanıram.
- Sizcə, bu iki oyunda millimiz xal qazana bilər?
- Niyə də yox?! Bəli, düşünürəm ki, xal və ya xallar qazana bilərik.