Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”
17.11.2022 - 14:12
Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”

“Hər dünya çempionatında möhtəşəm oyunlar olur. Mundialın startını səbirsizliklə gözləyirəm”.

Bunu apasport.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev dünya çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

30 yaşlı müdafiəçi DÇ-2022-nin neqativ təsirindən də danışıb. O, mundialın mövsümün gedişində keçirilməsinin zədələrə yol açacağını düşünür: “Dünya çempionatı ilk dəfədir ki, belə bir vaxtda keçirilir. Ardıcıl 3-4 gündən bir oyunlar olacaq. Bir ay ərzində turnir yekunlaşmalıdır. Zədələr çox olacaq. Mundiala çox futbolçu göndərən klublar əziyyət çəkəcəklər. “Mançester Siti”, PSJ, “Bavariya” kimi klublara təsirsiz ötüşməyəcək. Amma istənilən halda dünya çempionatı bütün planetə maraqlıdır. Əminəm ki, yaxşı oyunlar izləyəcəyik”.

Şəhriyar Əliyev turnirdə azarkeşlik edəcəyi komandanın adını da açıqlayıb. Mərkəz müdafiəçisi İspaniya fanatı olsa da, DÇ-2022-də Argentinanı dəstəkləyəcəyini söyləyib: “Adətən ispanların çempion olmasını istəyirəm. Ancaq Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm. Özüm “Barselona” azarkeşi olmuşam, Messinin heç bir oyununu qaçırmamışam. Onun son dünya çempionatıdır. Buna görə də Messinin kuboku qazanmasını istəyirəm”.

Futbolçu dünya çempionatı zamanı Qətərdə tətbiq olunacaq qadağaların azarkeşlərə problem yaradacağını düşünür: “Mətbuatdan oxuduqlarıma əsasən Qətər hökuməti bir çox qadağalar tətbiq edib. Avropalı azarkeşlərin bu şərtlər altında orada necə qalacaqlarını bilmirəm”.

Qeyd edək ki, noyabrın 20-də startı veriləcək mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador üz-üzə gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0