Futbol veteranı Sənan Qurbanovun apasport.az saytına müsahibəsi
- “Neftçi” Premyer Liqanın hesabat turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzdu. Nəticə sənin üçün gözlənilməz oldu?
- Mənim üçün də hesabın bu cür böyük olması, təəccüblü gəldi. "Neftçi"nin "Turan Tovuz"a səfərdə belə uduzmasına təəccübləndim. Səbəblərdən biri odur ki, "Neftçi"nin çempionatda heç bir iddiası qalmayıb. Üçüncü yeri təmin ediblər. Uduzsalar da, udsalar da heç nə dəyişməyəcək. Bu mənada, "Neftçi" futbolçularının əvvəlki motivasiyası yoxdur. Bu da səbəb deyil. Hər halda, söhbət "Neftçi"dən gedir. Hansı ki, daim qələbələrə oynayan komandadır. İstənilən rəqibə qarşı boşalmaq olmaz. "Neftçi"nin oyununa təsir etdi.
- “Turan Tovuz”un kubokdakı məğlubiyyətin revanşını aldığını demək olar?
- Bəli, kubok oyununda bu komandalar qarşılaşmışdı. Həqiqətən gərgin oyun izləmişdik. Tovuzda 0:1 hesablı məğlubiyyətdən sonra "Bakcell Arena"da "Neftçi" 2:0 hesabı ilə qalib gəldi. Gərgin oyun var idi. "Turan Tovuz" futbolçularında budəfəki görüşdə revanş hiss olunurdu. Bu da oyuna təsirini göstərdi və "Turan Tovuz" böyükhesablı qələbə qazanıb, revanş aldı.
- Laurentsiu Regekampf Tovuzdakı 0:4 hesablı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istədi...
- Bu cür məğlubiyyətdən sonra baş məşqçinin həm öz, həm də futbolçuları adından üzr istəməsi müsbət haldır. Belə şok yaşamaqları, böyükhesablı məğlubiyyət, futbolçular da başa düşdülər ki, heç bir oyun asan deyil. Qarşıda həm çempionat, həm final görüşü var. Bu münasibət dəyişməlidir. Üzr istəməkləri, əlbəttə ki, normal haldır. Bu cür böyükhesablı məğlubiyyətlər, böyük camialarda birmənalı qarşılanmır. Qarşıdakı matçlarda qazanılacaq uğurlu nəticələr bir balaca azarkeşlərin ürəyinə su səpəcək. “Neftçi” ölkə kubokunu qazanmaqla azarkeşləri sakitləşdirə bilər.
- Bu cür oyunla ölkə kubokunun finalında “Qəbələ”yə qarşı nəsə etmək mümkündür?
- Bu cür oynayıb finalda kuboku qazanmaq mümkünsüzdür. "Neftçi" bu il qeyri-stabil çıxış etdi. Heyətində yaxşı futbolçular var. Amma belə oyunla "Qəbələ"ni məğlub etmək çox çətindir. "Qəbələ" stabil olaraq yaxşı oyun sərgiləyən komandalardan biridir. Bu cür oyunla finalda uğur qazanmaq mümkün deyil. Elə bu oyunun da nəticəsi böyükhesablı məğlubiyyət idi.
- Bu mövsüm “Neftçi” məzmunlu oyun göstərmədiyinə görə Yurgen Gedenin vaxtındakı komandanı xatırlatdığını deyənlər var. Sizcə, niyə bu qədər zəif oyun sərgiləyirlər?
- "Neftçi" çox dəyişikliklərə getdi. Bu da məcburiyyətdən, nəticələrin pis olmağından irəli gəldi. Yeni transferlər oldu, zaman-zaman "Neftçi" daha yaxşı oynadı. Ondan sonra eniş yaşadı. Qeyri-stabillik var. Üçüncülük qəbulolunmazdır. Ola bilər ki, ikinci yeri də "Neftçi" qəbul etmir. Çünki onlar hər zaman çempionluğa oynayırlar. Kuboku qazansalar, hər şey pozitiv şəkildə başlayar. Yeni transferlər edərək, komandanı bir az da gücləndirmək, daha rəqabətli, istəkli komanda yaratmaq olar. Yurgen Gedenin vaxtındakı komandaya nə qədər bənzəyir, ya yox, onu bilmirəm. Amma yenə də deyirəm ki, qarşıda final matçı var. Finala qədər olan oyunlar da "Neftçi"ni elə həmin qarşılaşmaya hazırlaşmalıdır. Mövsümü titulla başa vursalar da, "Neftçi" yeni uğura addım atmış kimi olar. Çünki qarşıda avrokuboklar matçı var.
- Kubok qazanılmasa Laurentsiu Regekampf postundan göndərilməlidir?
- Əlbəttə ki, çox böyük gözləntilər var. "Neftçi" tam olaraq kuboka köklənib. Hiss etmək olur ki, komanda kuboku qazanmaq istəyir. Rəhbərlik də bunu istəyir ki, mövsümü titulla başa vursunlar. Bilmirəm, kuboku qazanmasalar, neqativlik bəlkə də daha böyüyə bilər. Orada radikal qərarlar da verilə bilər. Onu Zaman göstərəcək. Laurentsiu Regekampf da dedi ki "kubokun finalında məğlub olmağı ağlımdan belə keçirmirəm". "Neftçi" rəhbərliyi də belə fikirləşir.