Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"
13.06.2024 - 12:32
Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"

"Fernandu Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur. Çünki dünyaca tanınmış məşqçidir".

Apasport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi F.Santuşun təqdimat mərasimində deyib. 

Qurum rəsmisi portuqaliyalının karyerası barədə məlumat verib: "Onun müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı DÇ-yə çıxarmışdı. Portuqaliya millisində isə Avropa çempionu olmuşdu".

Qurum rəsmisi 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulduğunu vurğulayıb: "Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq. Bu illər ərzində müəyyən layihə çərçivəsində, işlər görəcək ki, bu nəticəni əldə edək. AFFA rəhbərliyi, Santuşla bir-birimizə inam var. Danışıqlar prosesində onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq. Hər birimizə uğurlar arzulayıram"

Vitse-prezidentin sözlərinə görə, milli meydana qələbə üçün çıxmalıdır: "Rəqibdən asılı olmayaraq, belə olmalıdır. Santuşla danışanda, belə adamdır ki, o, məğlubiyyəti qəbul etmir. Amma oynadığımız qrupların reallığını da qəbul etməliyik. Elə qrup ola bilər ki, biz ancaq birinci yer üçün oynayaq. Elə komandalarla qrupa düşərik ki reallığı nəzərə almalı olarıq". 

Hacıyev 69 yaşlı portuqaliyalı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib: "Müqavilənin bəzi detallarını açıqlaya bilərik, bəzilərini yox. Maliyyə tərəfini açıqlamırıq. O ki qaldı, Polşa millisində və "Beşiktaş"dakı işlərinə... Həmin komandalardan ayrılmağının da müəyyən səbəbləri var. Ola bilər ki, səbəbləri dəqiq bilmirik. Sırf bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin komandadan ayrılması normaldır. Müqaviləmiz 3+1 illikdir. Təzminat və məbləğ məsələsini açıqlaya bilmərik".

writer photo
Əlirza Əlirzalı
0