Slavko Georgiyevski: "Adrian Mutuya zaman lazımdır" - MÜSAHİBƏ
15.07.2023 - 15:02
Slavko Georgiyevski: "Adrian Mutuya zaman lazımdır" - MÜSAHİBƏ

"Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski apasport.az saytına müsahibəsi

- "Neftçi" Laurentsiu Regekampfla yollarını ayırdıqdan sonra Adrian Mutunu baş məşqçi postuna təyin etdi. Dəyişikliyi necə dəyərləndirərdiz?
- Regekampfı daha tez qovmaq lazım idi. Mutu yığmada yaxşı məşqçi idi. Klubda necə olacağına isə baxarıq. Futbolçu kimi böyük ad idi. "Neftçi"dəki işinin necə alınacağını birlikdə görəcəyik.

- Bir müddət əvvəl Sərgən Yalçın baş məşqçi postuna təyin edilə bilərdi, amma sonda Mutu ilə anlaşdılar. Səncə, hansı daha yaxşı seçim olardı?
- Həm Sərgən Yalçın, həm də Adrian Mutu böyük futbolçular olub. Hər birinin özünəməxsus oyun nümayiş etdirib. Onlar texnikası yüksək futbolçular olub. Elə biz də, onlardan bu cür futbol gözləməliyik. Mutu yəqin ki, elə özü oynadığı kimi komanda formalaşdıracaq.

- Avrokuboklara çox qalmayıb. Komandanı Konfrans Liqasına tam hazır etməsi üçün Mutunun zamanı var?
- Onun üçün çətin olacaq. Çünki hələ ki, komandanı tanımır. Üstəlik, futbolçu seçimlərini də özü etməyib. Məncə, zaman lazımdır. Məhz müəyyən vaxt keçdikdən sonra nəsə deyə bilərik.

- Yeri gəlmişkən, "Neftçi" ötən mövsüm komandanın aparıcı oyunçuları olan Solomon Kverkveliya və Voyislav Stankoviçlə yollarını ayırdı. Onları saxlamaq olardı, yoxsa doğru addımdır?
- Bu, ya rəhbərliyin, ya da məşqçilərin seçimidir. Nəyə görə ayrıldıqlarını bilmirəm. Ola bilsin ki, "Neftçi"yə yeni qan, yeni nəfəs lazımdır.

- "Neftçi"nin daha çox yenilənmiş heyəti olacağını ehtimal edirsən?
- Mən çox istəyərdim ki, "Neftçi"nin yaxşı heyəti olsun. İndi yeni oyunçular cəlb etmək və Mutuya lazım olan oyunçuları gətirmək üçün zamanları var. Hər halda, bu yolda işləyirlər. 

- Adrian Mutu "Neftçi"ni əvvəlki kimi - iddialı edib, çempionluqları qazandıra biləcək?
- Mənim üçün "Neftçi"də baş məşqçinin kimliyinin fərqi yoxdur. Vacib olan komandanın çempionluğu qeyd etməsidir. Ümidvaram ki, bu, baş verəcək. Amma asan olmayacaq. Zamanla hər şeyi görəcəyik. "Neftçi"yə uğurlar arzulayıram.

writer photo
Əlirza Əlirzalı
0