Stadnik 9-cu dəfə Avropa çempionatının finalında
19.04.2023 - 20:24
Stadnik 9-cu dəfə Avropa çempionatının finalında

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, 3-cü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Dəmirhana tam üstünlüklə qalib gəlib – 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Anna Vukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə həmyerlisi olan ukraynalı Oksana Livaçla qarşılaşacaq.

Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib – 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib – 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Elnurə polşalı Katarjina Kravçiklə üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena De Vitanı "tuş"la məğlub edib. Kolesnik yarımfinalda həmyerlisi olan ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib – 0:10. Alyona bürünc medal uğrunda almaniyalı Sandra Paruşevski ilə güləşəcək.

Qeyd edək ki, medal görüşləri sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0