Stanislav Çerçesov: “Qarabağ” çox yaxşı hazırlıqlı komandadır”
08.08.2022 - 15:18
Stanislav Çerçesov: “Qarabağ” çox yaxşı hazırlıqlı komandadır”

“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransıda deyib.

Rusiyalı mütəxəssis ilk iki mərhələdə cavab görüşündə qələbə qazanaraq mərhələ adlamalarının xüsusi bir səbəbinin olmadığını söyləyib: “Biz rəqiblərlə ilk oyundan sonra onları daha yaxşı tanıyırıq. Ola bilsin ki, bununla əlaqədar olaraq cavab matçını daha yaxşı keçiririk. Ancaq bunun başqa xüsusi bir səbəbi yoxdur”.

Çerçesov heyətlərində zədəli futbolçuların olmasını ardıcıl oyunlar keçirməklə əlaqələndirib: “Bu mövsüm artıq 6 rəsmi oyun keçirmişik. Bu üzdən zədəli futbolçunun olması normaldır. Ümid edirəm ki, zədəli oyunçularımız “Qarabağ”la matçda sərəncamımızda olacaq.

Çalışdırıcı komandasının matça fiziki cəhətdən də hazır olduğunu vurğulayıb: “Oyunun müəyyən anlarında deyil, 90 dəqiqə ərzində üstün olmaq istəyirik. Məqsədimiz sona qədər mübarizə aparmaq və hakimin final fitinə qədər gücdən düşməməkdir. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik”.

Çerçesov oyunsonrası penaltilər seriyasına da hazırlaşdıqlarını etiraf edib: “Biz bütün variantlara hazırlaşmışıq”.

Qeyd edək ki, sabah Budapeştdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

writer photo
Əlirza Əlirzalı
0