“Neftçi”nin sabiq futbolçusu, hazırda Serbiyanın “Jelezniçar” klubunun formasını geyinən Voyislav Stankoviçin apasport.az saytına müsahibəsi
- "Neftçi"dən ayrılaraq ölkənə qayıtdın və "Jelezniçar"la anlaşdın. Niyə məhz bu komandanı seçdin?
- İlk dəfə Serbiya Superliqasına vəsiqə qazanan ambisiyalı klubla müqavilə imzaladım. Onların yaxşı kollektivi var. Burada məşqçi və futbolçular arasında çox yaxşı atmosfer hökm sürür. Yaxşı da baş məşqçimiz var. Ümidvaram ki, bu mövsüm yaxşı nəticə göstərəcəyik. İlk hədəfimiz birinci ildə liqada qalmaqdır. Stabil olaraq yaxşı çıxış edib, 2-3 ildən sonra da daha yaxşısını etməyə çalışırıq. İlk gündən görürəm ki, hər şey yüksək səviyyədədir. Fikrimcə, özüm üçün yaxşı seçim etmişəm.
- Yəqin ki, bu transfer Azərbaycana qayıtmayacağını göstərir. Çünki yaşınla bağlı artıq gec olacaq. Ümumiyyətlə, bu yay Azərbaycan klublarından təklif var idi?
- Azərbaycandan "Səbail" klubundan təklif almışdım. Sadəcə şərtlər məni razı salmadı. "Səbail" və "Jelezniçar"ın şərtləri arasında böyük fərq yox idi. Ona görə də, Serbiyada qalmağa üstünlük verdim. Burada oynayacam. Böyük oğlum da artıq bu ildən məktəbə gedəcək. Ailəmə yaxın olmaq istədim.
- Səncə, "Neftçi" niyə sənə yeni müqavilə təklif etmədi? Onların sənə yeni müqavilə təklif etməməsi özün üçün sürpriz oldu?
- Nələr baş verdiyini bilmədim. Düşünürdüm ki, onlarla mənimlə danışaraq rəhbərliyin də fikrini bildirəcək. Sadəcə orada indi bir çox söhbətlər gedir. Rəhbərlikdən heç kəs mənimlə yeni müqavilə haqda danışmadı. Yeni müqavilə haqda yalnız keçmiş baş məşqçim Laurentsiu Regekampfla danışmışdım. O da postundan ayrıldı. Ona görə də, əvvəlki söhbət heç bir məna kəsb etmir. Nəticədə "Neftçi"dən ayrıldım. Onlara uğurlar arzulayıram. Görək də, onlar üçün yeni mövsüm necə olacaq.
- Son mövsüm "Neftçi" titul qazana bilmədi. Uğursuz çıxışınızın səbəbini nədə görürsən?
- Bəli, ötən mövsüm uğursuz olduq. Çünki ötən mövsüm də, indiki kimi oldu. Baş məşqçimiz çox gec gəldi. Yeni oyunçular da həmçinin, gec gəldilər. Mövsümə necə başladıqsa, elə də başa vurduq. Bu mövsüm necə olacaqlarını bilmirəm. Lakin deyə bilərəm ki, belə etmək olmaz. Hər mövsüm çoxlu dəyişikliklər baş verəndə, uğurlu nəticə etmək çox çətindir. Amma "Neftçi" böyük uğurlara layiq komandadır.
- Laurentsiu Regekampf zəif məşqçi idi? Çünki bir mövsüm ərzində "Neftçi"nin hansı futbol oynadığı heç kimə aydın olmadı...
- Razıyam ki, Laurentsiu Regekampfın rəhbərliyi altında "Neftçi" yaxşı futbol oynamadı. Stabillik göstərmədik. Səbəbi barədə isə mənim danışmağım doğru deyil. Baş məşqçi zəif idi, ya deyildi, bu haqda danışmaq düzgün olmazdı. Sadəcə alınmadı. Dəyişikliklər çox olanda, nəticə vermək üçün yaxşı kollektiv düzəltmək, stabil oynamaq çətin olur.
- Uzun illər Azərbaycanda oynamışdın. Deyəsən, AFFA səni milliləşdirmək istəyirdi. Çünki bir ara bununla bağlı xəbərlər yayılmışdı...
- Xeyr, AFFA-dan birbaşa mənə kimsə milliləşdirilməyim üçün zəng etməmişdi. Bildiyim qədərilə, gəldiyim ilk gündə "Neftçi"yə zəng etmişdilər və məsələ haqda AFFA-dan maraqlanmışdılar. Amma dediyim kimi, birbaşa özümlə federasiyadan danışan olmamışdı. Bəlkə, onlar istəmədi, yoxsa pasportu ala bilmədiyim üçün bu söhbəti reallaşmadı. Serbiya millisinin heyətində rəsmi matça çıxmışdım. Ola bilər ki, buna görə Azərbaycan millisində oynaya bilməyəcəkdim.
- "Neftçi"nin artıq yeni baş məşqçisi var. Adrian Mutu bu posta təyin edildi. Onun "Neftçi"yə uğur qazandıracağına inanırsan?
- Adrian Mutunu futbolçu kimi tanıyıram. O, çox yaxşı futbolçu olub, yüksək səviyyədə oynayıb, çox güclü komandaların formasını geyinib. Futbolçu kimi olarsa, onda məşqçi kimi də yaxşı alınacaq. Amma futbolçu və məşqçi karyerası tamam fərqli məsələlərdir. Bu mənada, necə olacağını bilmirəm. Lakin istənilən halda, ona və "Neftçi"yə uğurlar arzulayıram. Çətin olacaq. Amma futbolda hər şey olur. Ümid edirəm ki, “Neftçi”də hər şey yaxşı olacaq.