Misli Premyer Liqasının IX turu çərçivəsində baş tutan “Sumqayıt” – “Qarabağ” matçı (0:1) qalmaqalla yadda qalıb.
Belə ki, matçın ikinci hissəsində qapıarxası sektorda komandasını dəstəkləyən azarkeş qrupu “Ultras Sumqayıt”ın sol və sağ tribunalarında “Qarabağ”ın qoluna sevinənlər olub. Bu da yerli azarkeş qrupunun narazılığına səbəb olub.
Qrupun üzvləri Ağdam təmsilçisinin qoluna sevinən azarkeşlərə öz iradını bildirərək, onların "Sumqayıt" fanatları üçün nəzərdə tutulmuş sektorda əyləşmələrinin doğru olmadığını vurğulayıb.
Davam edən gərginliyin ən diqqət çəkən tərəfi isə polis müdaxiləsi olub.
Yerli azarkeşləri “gözümçıxdıya” salan polislər onların meydana lentlər atmasına belə olduqca sərt reaksiya verib.
Hətta, polis əməkdaşları “Ultras Sumqayıt”ın 3 üzvünü bölməyə aparmağa cəhd edib.
Sumqayıtlıların polislə “sınağ”ı bununla da bitməyib. Azarkeşlər meydanın çölündə rəngli tüstü yandıran zaman polis əməkdaşları ilə problem yaşayıblar.
Polisin "Ultras Sumqayıt" azarkeşlərinə qarşı sərt davranışı bir çox suallar doğurur..
Lent atılmasına qarşı bu qədər kəskin reaksiya nədən qaynaqlanır? Niyə azarkeşlərin sadəcə öz komandalarını dəstəkləməsi belə bu qədər problemə səbəb olur?
Görəsən, illərdir, ağız dolusu danışdığımız xarici klubların tribuna rəngarəngliyi, azarkeşlərin tutqusu, dəstəyi və yaratdıqları unikal atmosferlər ölkəmizdə nə vaxt inkişaf edəcək?
Rəngarəngliyi qoyduq qırağa. Hər fürsətdə çempionat matçlarımızda olan azarkeş sayı dilimizdən düşməyən problemdir. Azarkeşlər matça gəlmir, komandasını dəstəkləmir, tribunalar boş qalır, futbola maraq yoxdur və s.
Amma biz azarkeşləri stadiona cəlb etməyin yollarını düşünməkdənsə, onları həbs oluna biləcəkləri ehtimalıyla üz-üzə qoyub, daha da uzaqlaşdırırıq.
Ya da adam stadiona gəlib, 90 dəqiqə boyunca dinməz-söyləməz oturub, günəbaxan tumu çırtlayıb, evinə getməlidir. Deyəsən, tam olaraq istədiyimiz elə budur.
Eybi yox, xarici azarkeş qruplarının heyrətamiz xoreoqrafiyalar yaratdığı, stadionu rəqib üçün cəhənnəmə çevirdiyi dəstək videolarına sosial şəbəkələrdən baxmağa davam edərik. Əlimizdə də günəbaxan tumu.
Nərmin Vüqarqızı