“Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.
Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Avropa Liqasında “Molde”ni 1:0 hesabı ilə məğlun edən Ağdam klubunun rəhbəri komandanın uğurunu möhtəşəm adlandırıb: “Bu gün çox gözəl oyun oldu. Avropanın ən gözəl komandaları bura gəlib başı əyilib qayıdırlar. 400-dən çox klub arasında ilk 32-likdəyik. Möhtəşəm zəfərdir. Bayram bayrama qarışdı. Bu gün qələbə mənim üçün çox önəmli idi. Qurban Qurbanovla danışıb öz arzularımı ona demişdim. Bildirmişdim ki, bu zəfər ruhu oyunumuza təsir etsin. Komanda taktiki cəhətdən çox hazırlıqlı idi. Baş məşqçini və komandanı təbrik edirəm. Xalqımıza, şəhidlərimizə, onların ailələrinə, cənab prezidentimizə bizim kiçik bir töhfəmiz oldu. Buna görə də çox qürurluyam”.
- "Qarabağ" elə oyun sərgilədi ki, biz daha çox qol gözləyirdik. Siz necə düşünürsünüz?
- Rəqib qapıçını təbrik edirəm. Məncə, "Qarabağ"ın gözü bu qapıçıda olmalıdır. Möhtəşəm qurtarışlar etdi. Biz üç xalımızı aldıq. Əsas odur. Amma sizinlə tam razıyam ki, bu gün ən azı üç qol vurmalıydıq.
- "Bayer" "Hakken"i 4:0 hesabı ilə məğlub etdi. Qrupun ümumi mənzərəsi necə görünür?
- İndi ikinci yerdəyik. Belə olsa, əlbəttə yaxşıdır. Onlar Bundesliqanın çox böyük klubudur. Gördüyünüz kimi "Qarabağ" yaxşı formadadır. Bacardığımız qədər irəli gedəcəyik. İddialıyıq. Hesab edirəm ki, "Qarabağ" hər il əvvəlki illə müqayisədə öndə olur. Hesab edirəm yaxşı olacaq.
- "Qalatasaray" bu rəqibə qarşı hər iki oyunda çətinlik çəkmişdi. Sizcə, bu gün Türkiyə çempionu ilə "Qarabağ"ın oyunu olsa, kim qalib gələr?
- "Qalatasaray" qardaş klubdur. Bizim onlarla oyunumuz oldu. Bəli, bu, tam yüksək səviyyədə mübarizə gedən oyun deyildi. Bir gün rəsmi oyunda "Qalatasaray"la qarşılaşmaq arzum var. Biz özümüzə çox inanırıq. "Qalatasaray" kimi böyük kluba qarşı yaxşı mübarizə aparmağa qadirik.
- Şahruddinin gedişindən sonra daha sakit oyun izlədiniz?
- Bu gün Lunyovdan razı qaldım. Şikayətim yoxdur. Bugünkü "Qarabağ"dan çox məmnunam. Avropada çox risk etmək bizə lazımlı bir şey deyil. Hesab edirəm ki, Lunyovu transfer etməklə düzgün qərar qəbul etmişik. Amma Şahruddin özəl bir insan idi. Onun da özünəməxsus dəst-xətti var idi.