Tahir Süleymanov: "Həmin görüş daha geniş məna daşıyırdı"
12.11.2024 - 15:17
Tahir Süleymanov: "Həmin görüş daha geniş məna daşıyırdı"

Dünən "Turan Tovuz" və "Kəpəz" komandalarının veteranları arasında yoldaşlıq matçı baş tutub.

Tovuzluların çempionluğunun 30 illiyinə həsr edilən qarşılaşma 5:5 hesablı bərabərliklə nəticələnib. Həmin görüşün baş hakimi olan Tahir Süleymanov apasport.az saytına açıqlama verib.

Beynəlxalq dərəcəli referi oyun barədə düşüncələrini açıqlayıb: "Azərbaycan futbol tarixində "Turan"ın ilk dəfə ölkəmizi avrokuboklarda təmsil etməsinin 30 illiyinə həsr edilmiş tədbirdə, o illərdə heyətdə çıxış edən futbolçuları yenidən bir araya gətirmək möhtəşəm hisslər idi. İdeya "Turan"ın yaradıcısı Vidadi Əhmədov tərəfindən irəli sürülmüşdü və tək 30 illiyə həsr edilməmişdi, daha geniş məna daşıyırdı. Proqrama uyğun Tovuz və Azərbaycan futbolunda əməyi keçmiş, dünyalarını dəyişmiş insanların, şəhidlərimizin ziyarət edilməsi, qonaqların dəvəti, qarşılanması, tədbirdən sonra geniş tərkibdə rəsmi hissə... Təşkilatçılığa Vidadi müəllimlə birgə onun futbol silahdaşları, vaxtilə "Turan"ın çempionluğunda, klubun yaşamasında əməyi keçmiş insanlar, Yaşar Sultanov, Şahin Mehdiyev rəhbərlik edirdilər. Təşkilati işlərdə Rasim Əliyev, Süleyman Tağıyev, Fikrət Məmmədov və digər "turançı"lar yaxından iştirak edirdilər. Ən gözəl məqamlardan biri, "Turan"ın keçmişi ilə bu gününün vəhdət təşkil edilməsi idi. Hazırda kluba rəhbərlik edən Ehtiram Quliyevin tədbirin ilk dəqiqələrindən sona kimi Vidadi Əhmədovla bir olması, "Turan"ın daha parlaq gələcəyini şərtləndirir. Təsadüfi deyil, oyunda ilk zərbəni simvolik olaraq Vidadi Əhmədov yerinə yetirərək, estafeti Ehtiram Quliyevə ötürdü, o da öz növbəsində ötürməni qəbul edərək "Turan" futbolçularına yönəltdi. Rəmzi məna daşıyan addım, çempion ruhunun indiki "Turan"a ötürülməsi demək idi...

30 ildən sonra "Turan"ın heyətini yenidən bir araya gətirmək, böyük zəhmət tələb edir. Təsəvvür edin, oyundan bir gün öncə Qurban Qurbanov öz komandasını Bakıda rəsmi oyuna çıxarmışdı. Bir sutka keçmədən, ünlü baş məşqçi Tovuzda "Turan"ın heyətində keçmiş komanda üzvləri ilə meydana çıxırdı artıq. Eynilə digər veteran futbolçular dəvətə dərhal reaksiya verərək, təmənnasız olaraq bir araya toplaşmışdı. Bu, 70 illiyini qeyd edən Vidadi Əhmədov şəxsiyyətinə, onun "Turan", Tovuz futbolu üçün etdiyi əvəzolunmaz xidmətlərinə verilən hörmət və qiymətdir! 

Dost-rəqib qismində "Kəpəz"in seçilməsi də təsadüfi deyil. Meydanda hər zaman amansız rəqib olsalar da, tarixən bir-birinə yaxın olub, futbolçularla qidalandırıb, Tovuz futbol məktəbinin yetirmələri gəncəlilərin heyətində keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış ediblər. Tovuzlu Müzəffər Qasımov uzun illər Gəncə komandasını kapitan kimi meydana çıxarıb, Vidadi Rzayev "Turan"da liderlik edib. "Kəpəz"in çempion futbolçularının dəvətə necə ürəknən yanaşdığını meydanda görməyə dəyərdi. 

Oyun gönorta saatlarında keçirilsə də, tribunalarda yer alan azarkeşlər nostalji hisslər keçirdilər, yenidən sevə-sevə öz kumirlərini alqışladılar. 

Bu oyunun keçirilməsi, gözümüz önünə yenidən müstəqilliyimizin ilk, çətin illərini gətirdi. Müharibə, ölkədə iqtisadi-siyasi xaos, şəraitsizlik, elementar işıq, qaz, suyun olmadığı dövrlər... Bütün çətinliklərə baxmayaraq, tribunalar dolu olurdu, "Turan" yerli əhalinin mənəvi simvoluna çevrilmişdi. Sərhəddə şiddətli döyüşlər gedə-gedə, Tovuzda çempion komanda yaşayırdı və xalqa qalib ruhunu aşılayırdı. 30 ildən sonra futbolçuları, öz köməkçilərimlə birgə, yenidən yaşıl meydana dəvət etmək, keçmişə ehtiramın, gələcəyə inamın təzahürü idi.

Tovuz yaxşı mənada çox dəyişib, inkişaf edib və bütün şəhər, gənc nəsil estafeti qəbul edərək, hər zaman olduğu kimi, futbolla nəfəs alır, yaşayır.

Rəsmi hissədə Vidadi Əhmədova və "Turan"a həsr edilmiş, Məzahir Alıyevin müəllifi olduğu nəfis tərtibatlı kitabın təqdimatı oldu. Kitab - tarix, mədəniyyət deməkdir! Belə möhtəşəm tədbirlərin keçirilməsi, tək "Turan" adına deyil,  Azərbaycanda futbolun təbliğində böyük rol oynayır. Arzu edirəm ki, bu səviyyədə tədbirlər tez-tez keçirilsin, yaxın gələcəkdə bütün futbol bölgələrimiz dirçəlsin, daha üst səviyyədə bütöv Azərbaycan futbolu dirçəlsin, inkişaf etsin!".

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0