Beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun apasport.az saytına müsahibəsi
- Bir neçə gün əvvəl “Neftçi” “Zenit”i 2:1 hesabı ilə məğlub yola saldı. Belə güclü rəqibə qalib gələn “Neftçi” niyə Premyer Liqada yüksək pillələrdə deyil?
- Vaxt baxımından uyğun məqam olmasa da, "Zenit" kimi güclü rəqiblərlə qarşılaşmalar faydalıdır. Eyni zamanda "Neftçi"nin stajlı azarkeşləri üçün nostalji hisslər oyadır, onları yenidən gənclik illərinə qaytarır. Hər iki klub vaxtilə mini Çempionlar Liqası sayılan güclü çempionatda bir-birinə rəqib olub, onlarla görüşdə qarşı-qarşıya gəliblər. İstənilən qələbə futbolçularda, komandada özünə inamı artırır. Necə ki, Reziuan Mirzov iki qolla matçın taleyini həll etdi. Rusiyalı futbolçu bilirdi ki, görüş ölkəsində də canlı yayımlanır və özünü yenidən həmvətənlərinə göstərmək üçün əlavə stimul qazanmışdı. Bu tipli oyunları rəsmi qarşılaşmalarla eyniləşdirmək doğru olmaz. "Neftçi"nin problemləri yetərincədir, çoxşaxəlidir. Bunlardan biri də sabit çıxışın olmamasıdır.
- Sizin zamanınızdakı “Neftçi” ilə indikinin nəticələri arasında böyük fərq var. Bu fərqin səbəbləri nədir?
- Səbəblər çoxdur. Tək indiki vəziyyət deyil, 8-9 ildir klub yuxarı-aşağı, bu durumdadır. "Neftçi" tarixi komandadır və özünəməxsus oyun üslubu, ənənələri var. Klubda eksperimentlər aparmağa ehtiyac yoxdur, komanda öz fəlsəfəsinə uyğun oynamalıdır. 10 ilə yaxındır saysız-hesabsız məşqçi, futbolçu heyəti dəyişdirilməsinə baxmayaraq, "Neftçi" adına layiq çıxış etmir, əksinə, ölkə futbolunda liderlik mövqeyini itirib. Klubun sadiq azarkeşləri, həmişə olduğu kimi tələbkardır və heç vaxt belə durumla barışmırlar. Vaxtilə rəqiblər yaşıl meydana çıxmamış psixoloji olaraq məğlub olurdularsa, hazırda ortabab komandalar belə, "Neftçi" ilə səfər oyunlarında nəinki məğlubiyyəti, bərabərliyi qəbul etmirlər, adlı-sanlı klubdan çəkinmirlər, mütləq qələbəyə oynayırlar. Son kubok finalı, yeni mövsümdə ev oyunları qeyd olunanların təsdiqidir. Bu illər ərzində 100-dən artıq transferlər edilib, hər 3-5 aydan bir xeyli futbolçu göndərilir, yeniləri gətirilir. Düzgün seçimlər edilməyən, sabitlik yaradılmayan yerdə ciddi uğurlar qazanıla bilməz!
- Bəs ciddi tənqidlərə məruz qalan “ağ-qaralar”ın bu duruma düşməsində günahkar kimdir?
- Vəzifəsindən asılı olmayaraq, klubda fəaliyyət göstərən hər kəs məsuliyyət daşıyır. "Ağ-qara"ların düşərgəsində bəhanələrə, vaxt udmalara yer yoxdur!
Uzun illər keçsə də, fürsətdən yararlanaraq bizləri unutmadıqlarına, "Neftçi" adına qazanılan nailiyyətlərə dəyər verildiyinə görə, azarkeşlərə bir daha təşəkkürümü bildirirəm.
- Çempionatda daim liderlər “Neftçi” və “Qarabağ” olsa da, bu il bir az fərqli ssenari yaşanır. Bu sürpriz komandaların inkişafıdır, yoxsa....
- Təəssüf ki, "Neftçi" liderliyini çoxdan itirib. Ötən mövsüm özündən söz etdirən "Sabah" da oxşar aqibəti yaşayır. 8 komandalı "Bakı çempionatı"nda komandalar yadırğamışdılar. Hazırda bir qədər canlanma yaşanır, bölgələrə səfərlər artıb, əksər komandalar arasında nisbi güc balansı yaranıb, rəqəbətədözümlülük çoxalıb. Bu, inkişafdan daha çox, iddialı klubların büdrəməsi, imkanlarından qat-qat aşağı səviyyədə çıxış etmələridir. Ortabab komandaların bundan istifadə etməsinə ancaq alqış düşür. Çempionatın sonuna çox qalıb, komandalar arasında xal fərqi uçurum deyil. Qarşıdan qış fasiləsi gəlir, hər bir komandanın səhvlərdən nəticə çıxarmağa əlavə şansı olacaq. Növbəti il, finişə doğru hər xal uğrunda amansız mübarizə gedəcək. Kubok sahibinin Avropa Liqasına vəsiqə qazanması yeniliyi rəqabəti daha da artıracaq.
- Bir çoxları Azərbaycanda “Xəzər-Lənkəran” kimi komandanın olmadığıni deyir. Bəs sizcə?
- Dolu tribunalar qarşısında "Xəzər Lənkəran" və "Neftçi" arasında keçirilən "Böyük oyun"lar Azərbaycan futbolunun bəzəyinə çevrilmişdi. İndiki çempionatla o vaxtkı durum arasında çox fərq var. 5-6 komanda mütləq çempionluq uğrunda mübarizə aparırdı, ən əsası da, hər tur qruplar səviyyəsində 2-3 görüş baş tuturdu. Ölkə çempionatı cəm olaraq orta Avropa futbolu səviyyəsinə qalxmışdı. Bunun sayəsində "Neftçi", "Qarabağ", "Qəbələ" qruplara vəsiqə qazanır, "Xəzər Lənkəran", "Bakı", "İnter" də o səviyyədə futbol oynayırdı və qruplar yolu zaman məsələsi idi. Klub reytinqində ilk “20-liy”i haqlamışdıq. Təəssüf ki, hazırda tək "Qarabağ" özünü qoruyub saxlaya bilib, əmsallar cədvəlində geri gedərək 30-cu pilləyə yuvarlanıb. Bu il futbolda müsbət məqamlardan biri də yeni liqaların yaradılması ilə bölgələrimizdə futbolun canlanması oldu. Lənkəran futbolunun çəkisi isə tam başqadır və "Xəzər Lənkəran" böyük futbola qayıtmalı, elitada yerini bərpa etməlidir.
- Cari çempionatda hansı komandaların oyununu bəyənirsiz, hansını bəyənmirsiz?
- Hər zaman iddialı olmağa üstünlük vermişəm, Azərbaycan şərtlərinə, reallığa uyğun maksimum nəticələrin göstərilməsi üçün çalışmışam. Ölkə çempionluğu, kubokun qazanılması, şəraitə uyğun komandaların medallar uğrunda mübarizəsi, Avropaya hazırlıq mərhələsi rolunu oynamalıdır. Avrokuboklara vəsiqənin qazanılması, ilk mərhələni adlamaq deyil, klublarımız çəkisinə, imkanlarına uyğun minimum pley-offları, ardınca qrupları hədəfləməlidirlər. İstənilən çətinliyə baxmayaraq, minimumdan maksimum nəticələrin əldə edilməsi prioritet olmalıdır. Hansısa məqamda alınmaya bilər, bu hədəflərə can atılması isə mütləqdir, daxili rəqabəti, irəliləyişi, inkişafı təmin edir. Çempionatın səviyyə göstəricisi klublarımızın avrokuboklarda çıxışlarıdır. Əks halda isə legioner limitinin 8-ə qaldırılmasının mənası olmaz. Avropada nəticə də olmasın, yerli futbolçu da yetişməsin, oynadılmasın. Belə yanaşma strateji olaraq yanlış olar. Azərbaycan futbolunun, klublarımızın səviyyəsi, son illərdə cərəyan edən "Qarabağ" və başqaları" çərçivəsindən çıxmalı, inkişaf etməli, oyun keyfiyyəti artmalıdır. Belə olacağı halda bütün komandalar bunun xeyrini görər, azarkeşlər yenidən stadionlara axışar.
- Diqqət yetirəndə çempionatın liderləri olan komandaların baş məşqçiləri yerlidir. Deməli, yerli məşqçilərə şans vermək lazımdır?
- "Neftçi"də çalışarkən ancaq yerli baş məşqçilərə üstünlük vermişik. Klubda futbol sistemi elə qurulmuşdu ki, fərqli çalışdırıcılarla çempionluqlar qazanılırdı. Baş məşqçi amili istənilən klubda böyük rol oynayır. Məşqçilərin işi çox ağırdır. İddialı məşqçilər futbolu bilənlərlə, öz bacarığına çox da güvənməyənlər isə əsasən təsadüflərlə çalışmağa üstünlük verərlər. Bir neçə mövsüm öncə bütün komandalarımızda yerli məşqçilər çalışırdı. İndi də çoxluq təşkil edirlər. Ən önəmlisi, psixoloji olaraq daxili rəqabət anlayışı çərçivəsindən çıxmaları, Avropa meydanlarında bacarıqlarını göstərmək istəyi olmalıdır. Təcrübəli yerlilərin nümunə göstəriciləri, nəticələri də var. Gənc, orta nəsil yeni məşqçilərimiz yetişir. Hərtərəfli inkişaf edib şanslarını dəyərləndirməyi bacarmalıdırlar. Hər birinə uğurlar arzulamaqla yanaşı, istedadlı gənc futbolçuların daha çox oynamalarına şərait yaratmalarını, potensiallarının açılmasını təmin etməyi arzulayıram.
- Əcnəbi məşqçilərdən ən çox tənqid atəşinə tutulan Adrian Mutudur. Onun yerinə kimisə gətirmək lazımdırmı, oyunçular dəyişilməlidirmi, yoxsa hansı dəyişiklik edilməlidir ki, “ Neftçi” özünə qayıtsın?
- İstər rumın mütəxəssis, istərsə çoxsaylı legionerlər komandaya yeni gətirilib. Klubun büdcəsi də kifayət qədər artırılıb. Əlavə olaraq isveçli idman direktoru da prosesə cəlb edildi. Amma komanda mövqelər üzrə düzgün komplektləşməyib, transfer edilən futbolçuların səviyyəsi "Neftçi"yə, Avropa hədəflərinə uyğun deyil. Komanda çempionatda ruhsuz görünür, qeyri sabit çıxışı ilə seçilir. Ən vacib məsələlərdən biri, legionerlər öz yerində, komandada bacarıqlı gənc yerli futbolçu qıtlığı yaşanır. "Neftçi"də heç vaxt yerli futbolçu problemi yaşanmayıb. Tək büdcə artımı uğurların təminatçısı ola bilməz! Maksimum qış fasiləsində radikal addımlar atılmasa, "Neftçi"nin liderlik mövqeyinə qayıtması çətin görünür.