Tərlan Əhmədov: "Qarabağ" ilk oyunda rəqibinə qarşı saymazlıq etdi" - Açıqlama
13.08.2024 - 16:11
Tərlan Əhmədov: "Qarabağ" ilk oyunda rəqibinə qarşı saymazlıq etdi" - Açıqlama

Veteran futbolçu, mütəxəssis Tərlan Əhmədov Apasport.az saytına açıqlama verib. O, "Qarabağ"ın Bolqarıstanın "Ludoqorets" klubu ilə ilk oyundakı uğursuzluğunu və cavab görüşündəki şanslarını dəyərləndirib:

- "Qarabağ" evdəki oyunda əvvəlki oyunlarla nisbətdə çox zəif təsir bağışladı. Hiss olunurdu ki, komanda oyuna kifayət qədər motivasiya olunmamışdı. Bəlkə də, bunun səbəbi arxayınlıq, rəqibə qarşı saymazlıq idi. Təbii ki, bunu klubun məşqçi heyəti daha yaxşı bilir. "Qarabağ" ilk hissədə müdafiədə ciddi səhvlərə yol verdi. Buntiç tez-tez müdafiəçilərlə anlaşılmazlıq yaşayırdı. Bu səhvlər təmsilçimizin böyük hesablı məğlubiyyəti ilə də nəticələnə bilərdi. Hücum xəttində də boşluq çox idi. Futbolçularda aqressivlik, yaradıcılıq çatmırdı. İlk qarşılaşmada "Qarabağ"ın oyununda xətlər arası əlaqə də yüksək səviyyədə deyildi. Oyunun gedişində görürdük ki, futbolçular adi epizodlarda top itkisinə yol verir. Müdafiədə ən yaxşı təsir bağışlayan Kevin Medina oldu, çünki oyuna yüksək motivasiya ilə çıxmışdı. Yaradılan qol epizodlarında istəyin olmaması da "Qarabağ"ın oyunu xeyrinə dəyişməsinə imkan vermədi. 

Mütəxəssis avrokubok matçlarında motivasiyanın vacibliyini xüsusi vurğulayıb:

- Belə vacib oyunlarda səhvlər bağışlanmır. Yüksək nəticəyə nail olmaq istəyirsənsə, bütün oyunlara motivasiya, istəklə çıxmalısan. Hər birimiz istəyirik ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşsün. Bu nə qədər çətin görünsə də, mümkünsüz deyil. Bunun üçün isə səhvsiz oynamaq lazımdır. Futbolçular çalışmalıdır ki, səhvlər minimal səviyyədə olsun. "Qarabağ" kimi təcrübəli komandaya sadə səhvlər yaraşmır. 

Tərlan Əhmədov düşünür ki, Qurban Qurbanov ilk matçda oyuna lazımi toxunuşlar edə bilməyib:

- Oyuna sonradan daxil olan futbolçular komandanın oyununa o qədər də fayda verə bilmədilər. "Qarabağ" topa çox nəzarət edə bilər, amma adi epizodlarda qol buraxırsansa, statistikanın heç bir faydası yoxdur. İlk oyunda bu problemlər qabarıq şəkildə göründü. 

Təcrübəli mütəxəssis rəqib komandanın güclü cəhətlərinə də diqqət çəkib: 

- "Ludoqorest" əks-hücumlarda və standart vəziyyətlərdə çox təhlükəlidir. "Qarabağ" oyunu hücumda keçirsə belə, müdafiədə boşluq verməməlidir. Əks halda, meydan sahibləri bundan maksimum yararlana biləcək səviyyədədir. Onların çox böyük beynəlxalq təcrübəsi var. İstənilən halda 1:2 çox təhlükəli hesab deyil, hələ heç nə itirilməyib. "Qarabağ" çalışmalıdır ki, cütün taleyini əsas vaxtda həll eləsin. Təbii ki, "Ludoqorets" səfərindən qələbə ilə dönmək asan deyil, lakin mümkünsüz də deyil. Hər halda, rəqib də qələbənin davamını gətirmək üçün hazırlaşıb, meydanda çox çalışmağa, qələbəyə köklənib. "Qarabağ"ın qələbəsi motivasiyadan və taktiki gedişlərdən asılıdır.  

  

writer photo
Əlirza Əlirzalı
0