“Zirə”nin qapıçısı Tiaqo Silva apasport.az-a müsahibə verib.
- Kollektivin məşqləri necə gedir? Sizi razı və ya narazı salan hansı məqamlar var?
- Fasilə gücü və enerjini bərpa etmək üçün vacib idi. Hiss edirəm ki, komanda daha aktivdir. Çempionata qayıtmaq üçün motivasiyalıyıq. Çempionatın ilk yarısına nəzər saldıqda asanlıqla görmək olur ki, yaxşı oynayırıq. Lakin biz daha çox qol vurmalıyıq. Əslində, hər oyunda da bunun üçün yetərincə şansımız olur. 2 yeni oyunçumuz gəlir. Onların dəyəri və keyfiyyəti kollektivə öz təsirini göstərəcək. Daha çox qol vurmağımız üçün çox vacib olacaq.
- "Zirə" yoxlama görüşündə "Araz-Naxçıvan"a qalib gəlməyi bacardı. Həmin oyun sizin üçün necə alındı? İstədiklərinizi edə bildiz?
- Bu, sadəcə məşq xarakterli oyun idi. Önəmli olan nəticə deyildi. Daha çox rəqabət ritmini bərpa etmək vacib idi. Mən güclü və inamlı olduğumu hiss etdim. Əlimdən gələni etmək üçün çox çalışıram.
- Yanvarın 15-də komandanız "Qarabağ"la qarşılaşacaq. Yoxlama görüşü olsa belə, yəqin ki, sizin üçün maraqlı matç olacaq?
- “Araz-Naxçıvan”la oyunda olduğu kimi, “Qarabağ”la matç da sadəcə məşq xarakterlidir. Önəmli olan nəticə yox, oyunun keyfiyyətidir. Həmişə olduğu kimi əlimdən gələni edəcəm. Mən qol buraxmaq istəmirəm.
- “Qartallar” mövsümün ilk yarısını ikinci pillədə başa vurdu. Mövsümün ilk yarısında komandanın performansını necə dəyərləndirirsən? Hər şey istədiyiniz kimi alındı, yoxsa daha yaxşı ola bilərdiniz?
- Komanda ilk dövrəni əla keçirdi. Lakin yaxşılaşdırılması lazım olan şeylər var. “Qarabağ”dan 12 xal geri qalmışıq. Xal ala biləcəyimiz oyunlarda xal itirdik. Amma biz yaxşı komandayıq. Yəqin ki, heç kim bu mövsüm belə güclü və əzmkar “Zirə” gözləmirdi. Performansa gəlincə, mən razıyam, “Zirə”də xoşbəxtəm, amma daha da yaxşı olmaq, titullar qazanmaq istəyirəm və buna görə də, mövsümün 2-ci mərhələsində daha yaxşı olmalıyam.
- Bəs, mövsümün ikinci yarısında "Zirə" hansı hədəflər uğrunda mübarizə aparacaq? Səncə, çempionluq mübarizəsi aparmağınız realdır, yoxsa ən yaxşı halda ikinci yer uğrunda mübarizə aparacaqsız?
- Hazırda 2-ci yerdəyik. Bu yeri çempionatın sonuna qədər saxlamaq və kuboku qazanmaq istəyirik. Bununla belə, hər oyunda qalib gəlmək və sona qədər mübarizə aparacağıq.
- Azərbaycan Premyer Liqasını necə şərh edərdin? Premyer Liqa səni nə ilə təəccübləndirdi? Liqada sənə maraqlı gələn nədir?
- Məncə, Azərbaycan Premyer Liqası güclüdür. Çoxlu fərdi keyfiyyətlərə malik oyunçular var. Bu, daha intensiv, daha cəlbedici ola bilər, amma bunun üçün bizə daha çox azarkeş lazımdır. Meydanda təqdim olunan keyfiyyətlərə görə təkcə “Qarabağ” avrokuboklarda oynayarkən deyil, bütün komandaların matçlarında daha çox azarkeşə, tam stadionlara layiqdir.