“Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
29.12.2023 - 14:37
“Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə

“Turan Tovuz”un albaniyalı futbolçusu Belajdi Pusi apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz" çempionatın ilk yarısını 7-ci pillədə başa vurdu. Ölkə kubokunda isə məğlub oldunuz. Səncə, mövsümün ilk yarısı "Turan Tovuz" üçün necə alındı?
- İndi vacib olan odur ki, gələcək ildə daha yaxşı işlər görək. Səhvimizdən dərs aldıq. İndi isə gələn ilə hazır olmalıyıq. Maksimum gücümüzü sərf etməli və hədəflərimizə çatmaq üçün diqqətimizi cəmləməliyik. Bunun üçün çalışmaq lazımdır.

- Necə düşünürsən, "Turan Tovuz" ötən mövsüm, yoxsa bu mövsüm daha güclüdür? 
- Məncə, bu mövsüm biz daha yaxşıyıq. Komandamızda çox yaxşı oyunçular var. Amma bəzi oyunlarda bəxtimiz gətirmədi. Bəzi oyunları son dəqiqələrdə uduzduq. Amma çox çalışmaq lazımdır. 

- "Turan Tovuz" səncə, çempionatın ikinci yarısında daha uğurlu çıxış edəcək? Avrokuboklara vəsiqə qazana biləcəksiz? 
- Qarşıda hələ çempionatın ikinci yarısı qalıb. Oyun-oyun nələr olacağını görəcəyik. Gələn il hazır olmaq üçün Türkiyəyə gedəcəyik. Orada da yaxşı hazırlaşacağıq ki, mövsümün ikinci yarısını yaxşı keçirək.

- "Araz-Naxçıvan"la matçın gedişində stadionun projektoru aşdı. Çox qorxulu və təhlükəli anlar oldu. Yaxşı ki, projektor tərəfdə azarkeşlər və futbolçular yox idi…
- Bilirsiz, hava çox pis idi. Bu tip şeylər hər yerdə ola bilər. Əsas odur ki, bundan heç kim zərər çəkmədi. Tək sevindirici hal budur.

- Öz performansından razısan? "Turan Tovuz"da aparıcı fiqura, əsas oyunçuya nə vaxt çevriləcəksən?
- Mən hər gün daha çox öyrənmək və daha yaxşı oyunçu olmaq üçün çalışıram. Komandama getdikcə daha çox kömək etmək niyyətindəyəm. Məşqlərə davam edirəm.  

- Albaniya milli komandası Avropa çempionatında iştirak edəcək. İlk dəfə Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi ölkənə bunu qazandırmışdı. Bu dəfə isə Silvinyonun rəhbərliyi altında qazandınız. Səncə, hansı milli daha güclüdür?
- Cənab Canni De Byazinin vaxtındakı nailiyyət xüsusi anlar idi. Çünki ilk dəfə Avropa çempionatına vəsiqə qazanırdıq.  Tarixdə ilk yaşanırdı. Lakin mən hesab edirəm ki, indiki millimiz daha yaxşı və daha güclüdür.

- Albaniya millisinin heyətində yalnız ölkə xaricində çıxış edən legionerlər oynayır. Avropada, Asiyada legioner həyatı yaşayan albaniyalı futbolçular çoxdur. Azərbaycanlılar isə xaricdə çox azdır. Səncə, bu  nə ilə əlaqədardır? 
- Alban futbolçular İtaliya A seriyası, İngiltərə Premyer Liqası kimi yüksək səviyyəli çempionatlarda oynayırlar. Buna görə də millimiz o səviyyədədir. Ümid edirəm ki, Azərbaycan millisi də tezliklə Avropa çempionatına vəsiqə qazanacaq.

- Yəqin ki, sənin Albaniya millisinin heyətində Avropa çempionatına yollanmaq şansın olmayacaq. Hər halda, Silvinyo Azərbaycan klubundan Albaniya millisinə oyunçu dəvət etməz. Sən necə düşünürsən?
- Milli komandamda oynamağı arzu edirəm. Bu istəklə də karyerama davam edirəm. Ümid edirəm ki, bir gün Albaniya millisinin heyətində meydana çıxacam. 

- Azərbaycanda oynayan digər albaniyalı Redon Cicadır. Onun haqda nə düşünürsən? O da "Qarabağ"da çox oynamır…
- Cica mənim yaxın dostumdur. Bakıda onunla çox vaxt keçirmişəm. Ümid edirəm ki, o, “Qarabağ”da daha vacib futbolçuya çevriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0