UEFA-nın prezidenti Aleksander Çeferin 7 fevral seçkilərində qələbə qazanmış Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Apasport.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm.
Seçkilərdə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamın bariz sübutudur. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib. Futbola göstərdiyiniz yüksək qayğıya görə sizə təşəkkürümü bildirirəm. Bundan əlavə, Bakı UEFA-nın "Avro-2020"nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm.
Bildiyiniz kimi, 30 il əvvəl - 1994-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü seçilib. Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir. Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir. Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır.
Cənab Prezident, bu çox gözəl ölkəyə və xalqa liderliyinizi davam etdirməyiniz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.