Ukraynalı futbolçu: “Bakı ailəmin təhlükəsiz yaşadığı gözəl şəhərdir” - MÜSAHİBƏ
15.10.2022 - 10:48
Ukraynalı futbolçu: “Bakı ailəmin təhlükəsiz yaşadığı gözəl şəhərdir” - MÜSAHİBƏ

“Səbail”in ukraynalı müdafiəçisi Petro Stasyukun apasport.az saytına müsahibəsi

- Ardıcıl 3 məğlubiyyətdən sonra ötən turda “Sumqayıt” üzərində qələbə (1:0) komandanın özünə gəlməsi üçün kifayət etdimi?
- Ardıcıl üç məğlubiyyət komanda üçün, əlbəttə ki, xoş hal deyil. Amma çox çalışmaqda davam etdik və “Sumqayıt”la matçda müsbət nəticə qazandıq. Çox çətin oyun keçdi. Hər iki komanda ol buraxmaq istəmirdi.

- “Səbail” 3-4 turdan bir qalib gələ bilir. Bu qeyri-sabitliyin səbəbi nədir?
- Komandanın yenidən qurulması hələ də təsir edir. Mövsümün əvvəlində çox sayda yeni oyunçular qoşulub. Əminəm ki, gündən-günə daha yaxşı olacağıq və stabil oyun nümayiş etdirəcək.

- Mövsümün əvvəlində əksəriyyət sizi ilk “4-lüy”ə iddialı görsə də, ilk dövrəni 7-ci pillədə bitirdiniz. Doğrudan da, “Səbail”in gücü budur?
- Mövsümün sonuna qədər hələ çox matçlar var. Əminəm ki, turnir cədvəlinin ilk “beşliy”ində yer almaq üçün hər cür şansımız var.

- X tur çərçivəsində “Turan Tovuz” keçiriləcək matçda ardıcıl ikinci qələbəni qazana biləcəksiniz?
- Düşünürəm ki, iki yaxşı komandanın qarşılaşacağı çox maraqlı oyun olacaq. Təbii ki, ardıcıl ikinci qələbəni qazana bilərik.

- Yalnız son iki görüşdə 90 dəqiqə meydanda olmusunuz. Öz çıxışınızdan razısınız?
- Doğrudur, son iki qarşılaşmada start heyətində yer almışam. Amma oyunum haqda nəsə deyə bilmərəm. Mükəmməlliyin həddi yoxdur. Hər görüşdə daha yaxşı olmaq istəyirəm.

- “Səbail”ə, Misli Premyer Liqasına və Bakıya uyğunlaşa bilmisiniz?
- Artıq kollektivə uyğunlaşmışam. Hər gün məşqçilər korpusunun tələblərini daha yaxşı başa düşürəm. Bakı mənim və ailəmin rahat, təhlükəsiz yaşadığı gözəl şəhərdir. Azərbaycan Premyer Liqası maraqlı, bərabər səviyyəli komandaların çoxluq təşkil etdiyi çempionatdır. Adaptasiya problemi olmadı. Bakıda insanlar qonaqpərvərdirlər, hər işdə dəstək olurlar, kömək edirlər.

- Azərbaycan çempionatı Ukrayna Premyer Liqasından çox geri qalır?
- Ukrayna çempionatının səviyyəsi hələ də daha yüksəkdir. Lakin Azərbaycan Premyer Liqasında da yaxşı klublar, səviyyəli yerli və əcnəbi oyunçular çıxış edir.

- “Sabah”ın futbolçusu Anatoli Nuriyevlə Ukraynada komanda yoldaşı olmusunuz. Onunla yenə əlaqə saxlayırsınız?
- Anatoli ilə hələ də əlaqə saxlayırıq. “Minay”da birlikdə gözəl dövr keçirdik. Ukrayna birinci liqasının çempionu olmuşduq.

- Oyunlara köklənə bilirsiniz, yoxsa hələ də ölkəniz Ukraynada baş verən hadisələri düşünürsünüz?
- Orada baş verən hadisələr daim beynimin içindədir. Ukraynada qohumlarım və yaxınlarım var. Onlara görə narahatlıq keçirirəm. 

- Ukraynadakı qohumlarınızla, yaxınlarınızla danışa bilirsiniz?
- Əlbəttə, hər gün onlarla əlaqə saxlayıram. Həm pis, həm də xoş xəbərlər olur. Amma hamımız qələbəyə və ən qısa zamanda Ukraynaya sülh gələcəyinə inanırıq.

- Ölkənizdə baş verənləri xaricdən izləmək çətin deyil?
- Hər gün insanların öldüyü, şəhərlərin dağıdıldığı ölkəmdə baş verənlərə baxmaq asan deyil. Lakin biz inanırıq ki, Ukrayna tezliklə qalib gələcək və bütün insanlar evlərinə qayıda biləcəklər.
 

writer photo
Əlirza Əlirzalı
0