Azərbaycan milli komandasının heyətində Millətlər Liqasının Slovakiyaya qarşı Bakıda keçirilmiş matçında (1:3) debüt edən Vadim Abdullayev apasport.az saytına müsahibə verib.
O, milli komandadakı debütü və oyun haqda sualları cavablandırıb.
- Azərbaycan millisinin heyətində debüt etdin. Həyəcan var idi? Hansı hissləri keçirirdin?
- Debüt oyunuma çıxdığım üçün çox sevinirdim. Çox istəyirdim ki, debüt edim. Az da olsa, oynamağa haqq qazandım. Buna görə şadam. Xeyr, heç bir həyəcan yox idi. Daha çox oynamaq istəyərdim. İstənilən halda, Fernandu Santuşa təşəkkür edirəm ki, mənə oynamaq şansı qazandırdı. Mənim üçün böyük məna kəsb edir.
- Ümumiyyətlə, debütünün Slovakiya ilə görüşə təsadüf edəcəyinə inanırdın?
- Təbii ki, bunu öncədən bilməyəcəkdim. Çünki kimin oynayacağına məşqçilər korpusu qərar verir. Amma məşqlərdə də hazırlaşırdım. Ehtimal edirdim və eyni zamanda da hiss edirdim ki, mənə şans gələcək. Bunu çox istəyirdim. Qismət Slovakiya ilə oyuna imiş. Matçdan əvvəl Fernandu Santuş oteldən çıxanda hal-əhval tutdu, vəziyyətimi soruşdu. Mən də özümü yaxşı hiss etdiyimi dedim. Qısaca öz dilində "hazır ol" kimi söz dedi. Ümid edirdim ki, Santuş mənə şans verəcək. Düzü, hesab 1:1 olanda, yəni 67-68-ci dəqiqədə meydana çıxacaqdım. Biz daha yaxşı çıxış etdik. Qırmızı vərəqəyə qədər çox epizodumuz oldu. İstifadə edə bilmədik. Qələbəyə köklənmişdik. Qırmızı vərəqə Mahir Emrelidən çox bəlkə də mənə təsir etdi. Çünki həmin dəqiqələrdə meydana çıxacaqdım. Amma qırmızı vərəqədən sonra baş məşqçi də fikrini dəyişdi. Bildirdi ki, gedin hazırlaşın. Ona görə pis olmuşdum. Hər halda, son dəqiqələrdə olsa belə, meydana buraxıldım.
- Səncə, niyə Slovakiyaya uduzdunuz? Sanki daha yaxşı nəticə qazanacağınızı düşünmək olardı...
- Qırmızı vərəqəyə qədər olan nəticə göstərirdi ki, biz qələbə də qazana bilərdik. Amma qismət olmadı. Təəssüf ki, ikinci hissədə meydanda azlıqda qaldıq. Bu da bizi geriyə saldı. Rəqib də yaxşı komandadır, dərhal bundan istifadə etdilər.
- Fernandu Santuşla işləmək, onun tələblərini yerinə yetirmək çətin deyil?
- Fernandu Santuş böyük məşqçidir. Onun haqda nəsə demək artıq olardı. Məşqçi və insan kimi yaxşı biridir. Hər bir futbolçuya lazım olan göstərişləri verir, taktiki gedişləri başa düşməsi üçün danışır. Santuş haqda fikrim və təəssüratım yalnız pozitivdir. İnanıram ki, gələcəkdə millimizə böyük faydası dəyəcək.
- Amma milli komandamız Millətlər Liqasında D Liqasına düşməyə əsas namizəddir. Səncə, Estonoya və İsveçlə görüşlərdə uğurlu məticə mümkündür?
- D liqası haqda heç düşünmürük. Estoniya və İsveçlə görüşlərdə maksimum nəticə qazanmağa çalışacağıq. Biz oyun olaraq nə Estoniyadan, nə də Slovakiyadan zəifik. Sadəcə özümüzə daha çox inanmalıyıq. Komanda özünə nə qədər çox inansa, rəqibin kimliyi önəm daşımayacaq. Özümüzə inanmalıyıq. İdmanda çox önəmlidir. Olmasa, çətindir.
- Yenidən A milliyə dəvət olunacağına inamın varmı?
- Təbii ki, hər bir futbolçu kimi istəyərəm. Klubdan da çox şey asılıdır. Daim klubda yaxşı çıxış etməliyəm, klubun nəticələri də önəmlidir. "Araz-Naxçıvan" üçün çalışmalıyam. Yaxşı gedərsə, dəvət alaram. Fernandu Santuş nə qərar verərsə, razılaşacam. İşim daha çox çalışmaq və performansı yaxşılaşdırıb, dəvəti gözləməkdir. Millidə oynamaq böyük qürur hissidir.