Vəli Qasımov Emin Mahmudovla razılaşmadı: “Özünü təsdiqləməlisən”
06.11.2022 - 16:01
Vəli Qasımov Emin Mahmudovla razılaşmadı: “Özünü təsdiqləməlisən”

“Emin oynadığı dönəmdə Portuqaliyada futbolun necə olduğunu bilmirəm. Amma mənim vaxtımda yüksək peşəkarlıq var idi”.

Bunu apasport.az saytına açıqlamasında vaxtilə Portuqaliyada “Setubal” və “İmortal”ın formasını geyinmiş Vəli Qasımov “Neftçi”nin kapitanı Emin Mahmudovun Portuqaliya futbolu barədə fikirlərinə münasibət bildirərkən deyib.

Milli komandamızın üzvü “Boavişta”da çıxış etdiyi zaman oradakı şəraitin həvəskar səviyyədə olduğunu söyləyib. Ancaq 1997-2001-ci illərdə Portuqaliyada oynamış Qasımov bu fikirlə razılaşmayıb: “Portuqaliyaya İspaniyadan getmişdim. Düzdür, İspaniya ilə Portuqaliya futbolu çox fərqlidir. Portuqaliya futbolu bir az geri qalsa da, klubların hamısında yüksək peşəkarlıq var idi. Hətta həmin vaxt “Setubal”ın akademiyası da çox gözəl fəaliyyət göstərirdi”.

54 yaşlı mütəxəssis Emin Mahmudovun “Məndə elə təəssürat yarandı ki, onlar mənə ikinci dərəcəli futbolçu kimi baxırlar”, - fikrinə də reaksiya göstərib. “Şamaxı” Futbol Məktəbinin koordinatoru vəzifəsində çalışan Qasımov bunun futbolçunun özündən asılı olduğunu vurğulayıb: “Bəlkə Emin elə komandaya, elə məşqçinin əlinə düşüb ki, heç nə göstərmək imkanı olmayıb. Mən “Setubal”a gedəndə oyunumla sübut elədim ki, əsas heyətə layiqəm. Bu baxımdan heç bir problemim olmayıb. Eminin “Boavişta”da əsas heyətdə oynayıb-oynamadığını bilmirəm. Əlbəttə ki, təzə gələndə özünü təsdiqləməlisən. Özünü sübut edə bilməyəndə ehtiyatda qalırsan və sənə ikinci dərəcəli oyunçu gözü ilə baxırlar. Mən o səviyyədə çıxış etdim ki, hətta kapitan da seçildim”.

Qeyd edək ki, Emin Mahmudov 2016/17 mövsümündə Portuqaliyada “Boavişta”nın formasını geyinib. 30 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”nin formasını geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0