Veysəl Rzayev: "Qarabağ"a qarşı daha da ciddi hazırlaşacağıq" - Müsahibə
28.10.2024 - 14:09
Veysəl Rzayev: "Qarabağ"a qarşı daha da ciddi hazırlaşacağıq" - Müsahibə

"Turan Tovuz"un yarımmüdafiəçisi Veysəl Rzayev apasport.az saytına müsahibə verib. Son iki turda komandasının qollarından birini vuran U-21 yığmamızın üzvü Kurban Berdıyevlə iş prinsipindən və komandasının çempionatdakı performansından danışıb.

- Bu gün ölkə kubokunda "Hypers Guba" ilə qarşılaşacaqsınız. Səncə, mərhələ keçmək alınacaq?
- Bəli, oyuna yaxşı hazırlaşmışıq. Təbii ki, məqsəd uğurlu çıxış etməkdir. İnanıram ki, bunu edəcəyik. Rəqibimiz yaxşı komandadır. İstəyirik ki, nəticə qazanaq.

- "Turan Tovuz" son turda "Kəpəz"lə görüşdə qalib gəldi. Çox emosional oyun oldu. Görüşün bu qədər ağır keçəcəyini ehtimal edirdin? Çünki rəqibiniz son sıradadır...
- Oyundan oyuna çox fərq var. Düzdür, qalib gələ bildik. Ancaq "Kəpəz"lə oyunun çətin keçəcəyindən xəbərdar idik. Çünki rəqibimizi analiz etmişdik. Çətin olacağını anlayırdıq. Şadam ki, qələbə qazandıq.

- Kurban Berdıyev mətbuat konfransında bildirib ki, hansısa arxayınçılıqdan söhbət gedə bilməzdi, çünki futbolçulara "Kəpəz"in yaxşı komanda olduğunu demişdik. Ümumiyyətlə, Kurban Berdıyevlə işbirliyi necədir? Onunla işləməyin hansı üstünlüyü var?
- Bəli, oyuna çox ciddi hazırlaşmışdıq. Kurban Berdıyev tapşırıqlarını vermişdi. Bilirdik ki, çətin olacaq. Dediyim kimi də oldu. "Kəpəz" həqiqətən, yaxşı hazırlaşmışdı. Bu, matçda da görünürdü. Şükürlər olsun ki, nə qədər çətin olsa da, 3 xalı qazana bildik.

- Maraqlıdır ki, artıq 2 turdur, qol vurursan. Hər ikisi də baxımlı alınıb. Bu, Kurban Berdıyevin verdiyi güvəndən irəli gəlir? Berdıyevin səninlə ayrıca söhbəti olubmu?
- Xeyr, Kurban Berdıyevin mənimlə ayrıca söhbəti olmayıb. Ancaq mənə inandığını bilirdim. Şansımı gözləyirdim və bundan istifadə edə bildiyim üçün şadam. Oyun baxımından çox yaxşı oyun göstərə bilmədik. Qol vursaq belə, oyunumuz istədiyimiz kimi alınmadı. Baş məşqçi də narazı idi. Bunu bilirik. Çalışacağıq ki, gələn turlarda daha baxımlı oyun göstərərək qələbə qazanaq.

- Son dəqiqələrə 1:1 hesabı ilə girmişdiniz. Emmanuel Hakmanın qolu ilə qalib gəldiniz. Ümumiyyətlə, son dəqiqəyə qədər qol vuracağınıza inanırdın, yoxsa artıq bir xalla barışmışdız?
- Çox çətin oyun alındı. Hər iki komandanın da yetərincə şansı oldu. Bundan öncə də son dəqiqələrdə fərqlənmişik. Təbii ki, futbol 90 dəqiqədir. Sona qədər mübarizə aparmaq lazımdır. Bəli, tək mən yox bütün komanda buna inanırdı. 

- "Turan Tovuz" bu mövsümün əsas iddialılarından hesab olunur. Turnir cədvəlində "Qarabağ"ın ardından ikinci pillədəsiniz...
- "Kəpəz"lə oyunda qələbə qazana bilməsəydik, işimiz qəlizləşəcəkdi. Bunun fərqindəydik. Ancaq hazırkı vəziyyət bizi tam qane etməsə də, ötən mövsümlərlə müqayisədə daha yaxşıdır. Rahatçılıq olacağına inanmıram. Çünki mövsümün sonuna hələ çox var. Bilmək olmaz. Amma bu pilləni qorumaq üçün əlimizdən gələni edəcəyik.

- Növbəti turdakı rəqibiniz "Qarabağ"dır. Hansı ki, ilk dövrədə onları məğlub etmişdiniz. Ola bilər ki, "Qarabağ" həmin məğlubiyyətin əvəzini çıxmaq üçün Tovuza daha hirsli, revanş düşüncəsi ilə gəlsin. Bu sizi qorxutmur ki?
- Son turdakı matçlarımızı nəzərə alsaq, oyunlar ürəkaçan deyil. Gələn tur "Qarabağ"a qarşı daha da ciddi hazırlaşacağıq. Buna şübhəmiz yoxdur. Amma rəqibin "Qarabağ" olduğunu nəzərə almaq lazımdır. Komandamıza güvənirəm. Bu oyunda da əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi alınacaq.

- "Turan Tovuz"da əsas heyət üzvüsən, qollarını vurursan. Yəqin ki, bundan sonra millidən dəvət gözləyəcəksən?
- Düzdür, futbolda qol vurmaq yaxşıdır. Lakin tək qol vurmaq belə, bəzən kifayət etmir. Daha çox çalışıb, daha yaxşı nəticələr vermək üçün əlimdən gələni edəcəm. Milli komandaya gəldikdə, əlbəttə ki, yığmadan dəvət gəlsə, klubda olduğu kimi millidə də əlimdən gələni etməyə hazıram.

writer photo
Əlirza Əlirzalı
0