Avrokubokların pley-off mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb.
Siyahıda Azərbaycanın 7 klubu yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 22,000 xala malik Ağdam klubu 64-cü yerə şərikdir.
Qurban Qurbanovun yetirmələrinin mövqeyi dəyişməz qalsa da, eyni göstəriciyə malik klubların sayı artıb. Əvvəl “Qarabağ”ın iki şəriki var idisə, bu rəqəm üçə çatıb.
Rusiya “Lokomotiv”i və Rumıniya təmsilçisi ÇFR-ə “Viktoriya” da qoşulub. Çexiya təmsilçisi “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdırmaqla ağdamlılara şərik çıxıb.
“Neftçi” 9,000 xalla 145-ci yeri bölüşən 9 komanda sırasındadır. 290-cı yerə şərik olan “Qəbələ”nin 4,000 xalı var. “Şamaxı”, 3,000 xalla 312-ci, “Zirə”, “Səbail”, “Sumqayıt” isə 2,925 xalla 345-ci pillənin şəriklərindədir.
Qeyd edək ki, cədvələ 116,000 xala malik “Mançester Siti” başçılıq edir.